AMEA təqdimat keçirib Fotolar

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Ərəbşünaslar Şəbəkəsi ilə əməkdaşliq çərçivəsində təcrübə proqramının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, təqdimatda Küveyt, Fələstin, Misir, İraq, Qətər, Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki səfirliklərindən nümayəndələr, İran Mədəniyyət Mərkəzinin direktoru və digər rəsmi qonaqlar iştirak edib. Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli iştirakçıları salamlayaraq son zamanlar AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindən söz açıb. Bildirib ki, akademiyanın uğurlu fəaliyyəti istiqamətində bir sıra tədbirlər həyata keçirilib ki, onlardan biri də MEK-in yeni binasının istifadəyə verilməsi və burada fəaliyyətin müasir standartlara uyğun təşkilidir. Sonra təcrübə proqramının əhəmiyyətindən danışan akademik İ.Həbibbəyli bu işdə tələbələrin fəaliyyətinin təqdirəlayiq hal kimi qiymətləndirib. Qeyd edib ki, bu təşəbbüsə qoşulmaqla onlar eyni zamanda AMEA-nın zəngin xəzinəsindən faydalanan mütəxəssis kimi öz təcrübələrini inkişaf etdirirlər. Bundan başqa birgə fəaliyyət gələcəkdə digər istiqamətlərdə də əməkdaşlığın əsasını qoyur. Düşünürəm ki, MEK-in Şərq ədəbiyyatı fondunun fəaliyyətinin inkişaf etdirilməsi məqsədilə bu günkü görüş çox mühüm hadisədir.

Daha sonra çıxış edən AMEA-nın həqiqi üzvü, BDU-nun ilahiyyat fakültəsinin dekanı, ərəb filologiyası kafedrasının müdiri Vasif Məmmədəliyev proqramın icrasından irəli gələn vəzifələri ictimai həyatda əhəmiyyətli təşəbbüs kimi qiymətləndirib. Sonra MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova kitabxananın idarəetmə strukturunun təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər və kitabxana fəaliyyətinin səmərəliliyini artırmaq məsədilə həyata keçirilən layihələrdən danışıb. Bildirib ki, bu layihələrdən biri də AMEA-nın Əsas binasından kitabların Mərkəzi Elmi Kitabxanaya köçürülməsi işidir. Kitabxananın işçi personalı bu prosesə tam səfərbər olunub. Onlar təlimata uyğun olaraq kitabları müvafiq fonda görə ayırır və qeydiyyatını aparır. L.İmanova gələcəkdə kitabxanada Şərq ölkələri ədəbiyyatını əks etdirən guşələrin təşkilini və o ölkələrlə davamlı informasiya mübadiləsi ənənəsi yaratmağı da məqsəduyğun hesab edib.

Tədbirdə Şərq ədəbiyyatı fondunun rəhbəri Aidə Hüseynova fondun fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, burada nadir elmi kitablar, məcmuələr, dövrü mətbuat nüsxələri, həmçinin Şərq xalqlarının qədim və yeni tarixi, mənbəşünaslıq, dilçilik, ədəbiyyatşünaslıq, din, fəlsəfə, incəsənətə dair nəşrlər, alim-səyyahların əsərləri və Arxiv fondu mühafizə olunur. Fondda Türkiyə, İran, İraq, Misir, Suriya, Küveyt, Birləşmiş Ərəb Əmirliyi, Almaniya, ABŞ və başqa ölkələrdən mübadilə yolu ilə alınmış qiymətli kitablar toplanıb. Bundan başqa fondda fotosurətlər və mikrofilmlər, o cümlədən Arxiv fondunda 1920-ci ilə qədər ölkədə nəşr edilmiş inqlaba qədər və sonrakı dövrün kitabları və 64 adda dövrü mətbuatı qorunub saxlanılır. Şərq ədəbiyyatı fondu istifadə baxımından alim və tədqiqatçılar üçün böyük əhəmiyyətə malik olub, həcmi 75 min nüsxədən artıqdır. Sonra MEK-in Şərq ədəbiyyatı fondunun əməkdaşı Aysel Osmanova təqdimatla çıxış edib. Ötən ay ölkə üzrə müxtəlif universitetlərdən ərəb və fars dillərində bakalavr və magistr pilləsi üzrə təhsil alan tələbələr üçün həftəlik təcrübə proqramına başlanılan vaxtdan indiyədək onların köçürülmə prosesində iştirakını və fəliyyətini əks etdirən fotoslayd nümayiş etdirib.

Daha sonra Azərbaycan Ərəbşünaslar Şəbəkəsinin sədri Aynur Zərrintac təqdimatda iştirak edən səfirlik nümayəndələrinə müraciət edib. Gələcəkdə ərəb və fars dilli mütəxəssislərin dil bilgilərini zənginləşdirilməsi istiqamətində onların böyük dəstəyinə ehtiyac olduğunu vurğulayıb. Sonda təqdimatda iştirak edən səfirlik nümayəndələri də öz fikirlərini paylaşıb. Proramda uğurlu iştirakına görə təcrübəçi tələbələrə sertifikatlar rəsmi qonaqlar tərəfindən təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə