Tələbələr bayram tədbirində

Fevralın 14-da Azərbaycan Dillər Universitetinin (ADU) Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyevin rəhbərliyi ilə universitetin Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin Çinşünaslıq ixtisasının bir qrup müəllim və tələbə heyəti Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyində Ənənəvi Çin Yeni ili - Bahar bayramına həsr olunan bayram tədbirində iştirak ediblər. ADU-dan SİA-ya verilən xəbərə görə, tədbirdə çıxış edən Çin dili və mədəniyyəti mərkəzinin direktoru, dosent Rafiq Abbasov Çin diplomatlarını bayram münasibəti ilə təbrik edib. Çin tarixi və mədəniyyəti sahəsində Mərkəzin maarifçilik fəaliyyətindən danışan R. Abbasov ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərliyi ilə adıçəkilən mərkəz tərəfindən hazırlanıb, Prezident İlham Əliyevin 2003-2013-cü illərdə Azərbaycan-Çin münasibətlərinin inkişafına verdiyi töhfələrdən bəhs edən "İlham Əliyev – iki qədim xalqların dostluğunun müasir davamçısı" adlı kitab, o cümlədən Azərbaycanda ilk dəfə nəşr olunan "Çin dili" dərsliyi haqqında məlumat verib.

Sonra ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin Çinşünaslıq ixtisasının tələbələrinin təqdimatında rəngarəng bədii proqram nümayiş olunub.

"Böyük Çin", "Tələbə yoldaşı", "Gözəl günlər", "Alma" və digər Çin xalq mahnıları və rəqsləri ifa olundu, həmçinin Azərbaycan xalq mahnısı "Sarı gəlin" ilk dəfə olaraq Çin dilində səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə