Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclasında Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) 2014-cü ilin yekunlarına dair hesabat məruzəsi dinlənilib. SİA-nın məlumatına görə, hesabat ilində biologiya və tibb sahəsində aparılan elmi və tətbiqi tədqiqatlardan danışan bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov perspektiv istiqamətlər üzrə mühüm nəticələrin əldə olunduğunu vurğulayıb. Eyni zamanda Ə.Əmiraslanov bölmənin AMEA-da aparılan islahatlar, araşdırmaların beynəlxalq elmi-tədqiqat işlərinin səviyyəsinə uyğunlaşdırılması, gənclər siyasətinin dəstəklənməsi, elm və təhsilin inteqrasiyası istiqamətində bir çox işlər görüldüyünü bildirib. BTEB-in tərkibinə daxil olan müəssisə və təşkilatların Səhiyyə Nazirliyinin tibb elmləri sahəsində 12 elmi-tədqiqat institutu və tədris mərkəzi, eləcə də biologiya təmayüllü bəzi ali məktəb kafedraları və xarici alimlərin fəaliyyəti ilə əlaqələndirilməsi bir çox önəmli tədqiqatların əsasını qoymaqla yanaşı yeni araşdırmalara səbəb olub.
Hesabat ilinin uğurlu nəticələrindən bəhs edən akademik-katib bildirib ki, bölmənin müəssisələrində 4 istiqamət üzrə (2-si biologiya, 2-si tibb) 37 problemi əhatə edən 191 mövzu ilə bağlı tədqiqatlar aparılıb, 28 mövzu tamamlanıb, elmi tədqiqatlardan isə 117-si tətbiq edilib. Vurğulanıb ki, bölmənin elmi müəssisə və təşkilatlarında çalışan elmi işçilərin 62 nəfəri elmlər doktoru, 216 nəfəri isə fəlsəfə doktorudur. 2014-cü ildə doktoranturaya 41 nəfər (20 əyani, 21 qiyabi) qəbul olunub. İnstitutlarda 55 fəlsəfə doktoru və 15 elmlər doktoru dissertasiyaları müdafiə edilib, 19 elmlər doktoru və 71 fəlsəfə doktoru dissertasiyası müdafiəyə hazırdır. Hazırda bölmənin institutlarında 73 əyani, 34 qiyabi doktorant təhsilini davam edir. Sonra hesabatda elmi nəşrlərlə bağlı statistik məlumatlar diqqətə çatdırılıb. Qeyd olunub ki, ötən ildə bölmənin elmi müəssisələrində çalışan əməkdaşlar tərəfindən 3-ü xaricdə olmaqla 54 kitab və 2842 elmi əsər çapdan çıxıb. İnstitutlarda çalışan əməkdaşların 1614 məqaləsi və 1174 tezisi nəşr edilib, həmçinin 143 məqalə (57 biologiya, 86 tibb) impakt faktorlu jurnallarda çap olunub.
Tədbirdə bölmənin müxtəlif respublika və beynəlxalq qrant layihələrində iştirak edərək biologiya üzrə 28, tibb üzrə 9 qrantın qalibi olması mühüm nəticə kimi qiymətləndirilib. Bölmənin patent almaq üçün təqdim etdiyi iddia sənədlərindən 21-nin, o cümlədən xarici ölkələrdən 3-nün patent alması ötən ilin uğurları kimi qeyd edilib. Bölmə üzrə əks olunan əsas elmi nəticələr və statistik məlumatların Akademiyanın illik hesabatına daxil edilməsi barədə qərar qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB