Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun (AKİK) təşkilatçılığı və MEK-in təşkilati dəstəyi ilə Almaniyanın tanınmış "Springer" beynəlxalq elmi bazasının informasiya məhsulları və xidmətləri ilə tanışlıq görüşü keçirilib. SİA-nın məlumatına görə, AMEA-nın elmi müəssisə və təşkilatları, AKİK-ə üzv olan universitetlər və elmi - tədqiqat institutları, eləcə də Bakı Dövlət Universitetindən olan nümayəndələrin iştirak etdiyi görüşdə "Springer Verlag" şirkətinin Lisenziya meneceri Seymur Rəsulov təqdimatla çıxış edib. Almaniyanın nüfuzlu şirkətlərindən olan "Springer"in qısa tarixindən danışan S. Rəsulov xatırladıb ki, şirkət dünyanın müxtəlif yerlərində nəşr olunan sənədlərin elektron variantlarını oxuculara təqdim edir. Şirkətlə əməkdaşlıq edən ölkələrin təhsil nazirlikləri və elmi akademiyaları Springerin yüksək səviyyəli elektron nəşrlərinə ölkə səviyyəsində abunə olaraq öz külliyatlarını zənginləşdirirlər. Burada materiallar alman, ingilis, fransız, ispan, italyan, rus və başqa dillərdə təqdim edilir. Ona görə də "Springer"in informasiya məhsulları və xidmətlərindən istifadə etmək üçün alim və ziyalılardan xarici dil bigiləri tələb olunur.
Sonra AKİK-in respublika üzrə milli əlaqələndiricisi Cəmilə Yusifova konsorsiumun fəaliyyətindən və "Springer" ilə əməkdaşlıq imkanlarından danışıb. Görüşdə MEK ilə "Springer" arasında əməkdaşlıq çərçivəsində beynəlxalq elmi bazanın rəqəmsal kitabxanasından istifadə, o cümlədən istifadəçilərin "Springer"in təklif etdiyi xidmətlərə, arxiv materialları, elmi jurnal, kitab və konfrans materiallarına onlayn çıxış imkanları müzakirə olunub.
Tədbirdə Azərbaycan elmi ictimaiyyətinin "Springer" beynəlxalq elmi bazasının resurslarından istifadəsinə dair statistik göstəricilər nümayiş olunub. "Springer"in təşkil etdiyi treninq və seminarların alim və mütəxəssislərin fəaliyyətinin səmərəli təşkili istiqamətində xüsusi önəm daşıdığı qeyd edilib. Həmçinin, gələcəkdə Azərbaycanın elmi-tədqiqat qurumlarında bu beynəlxalq bazanın xidmətlərindən səmərəli istifadəni təmin etmək üçün mütəmadi təlim və seminarların keçirilməsi təklif olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB