AMEA-da GAMŞ-ın I hesabat-seçki konfransı keçirilib

AMEA-da GAMŞ-ın I hesabat-seçki konfransı keçirilib

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc alim və mütəxəssislər şurasının (GAMŞ) 2014-cü il üzrə I hesabat-seçki konfransı keçirilib. SİA-nın məlumatına görə, tədbiri Şuranın sədri Famin Salmanov açaraq hesabatı təqdim edib. Sədr bildirib ki, Şuranın Akademiyaya bağlı 42 təşkilatında yerli eyniadlı şuraları və ümumilikdə 3000-ə yaxın üzvü var: "AMEA prezidenti Akif Əlizadə tərəfindən Azərbaycan elminin inkişafı və dünya elminə inteqrasuyasında gənc alimlərin rolunu artırmaq üçün kompleks tədbirlərə start verilib. Eyni zamanda Prezident yanında Elmin İnkişafı Fondu, Gənclər Fondu və SOCAR-ın Elm Fondu ilə əməkdaşlıq gənc alimlərin tədqiqat işlərinin dəstəklənməsinə bilavasitə xidmət edir". O, həmçinin qeyd edib ki, Şura üzvlərinin elmi nailiyyətlərinin geniş ictimaiyyətə çatdırılması, elmin təbliği, eləcə də Şuranın fəaliyyətinin KİV-də işıqlandırılması təmin edilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək hesabatı müsbət dəyərləndirib. Akademik dövlət gənclər siyasəti və AMEA-da intellektual gəncliyin formalaşmasından və bu istiqamətdə görülən işlərdən danışıb. Çıxışdan sonra bir neçə gənc çıxış edərək hesabatla bağlı öz fikirlərini bildiriblər. Tədbirdə çıxış edən AMEA-nın prezidenti Akif Əlizadə hesabatı müsbət dəyərləndirib. Akademik dövlət gənclər siyasəti və AMEA-da intellektual gəncliyin formalaşdırılmasından və bu istiqamətdə görülən işlərdən danışıb. Cari ildə AMEA-nın 70 illik yubileyinin keçiriləcəyini deyən A. Əlizadə Akademiyanın gələcək uğurlarının gənclərin elmə yanaşmasından, dünyanın qabaqcıl elmi təcrübələrini mənimsəmə və inkişaf etdirilməsindən asılı olduğunu deyib.

Daha sonra çıxış edən gənclər və idman naziri Azad Rəhimov Şuranın yaradılmasını mühüm hadisə hesab edib: "Qısa müddətdə intellektual gəncliyin elmi, elmi-təşkilati və ictimai fəaliyyətində müsbət dəyişikliklər baş verir. Elmin təbliğində, innovativ koordinasiyada, beynəlxalq əlaqələr istiqamətində gənc alimlərin həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir". O, təşkilatın fəaliyyətini və nazirliklə əməkdaşlığını yüksək qiymətləndirib, həmçinin Şura ilə əlaqələrin daha da genişləndirilməsi üçün işlərin davam etdiriləcəyini deyib.

Gənclər və İdman Nazirliyinin gənclərlə apardığı işlərə toxunan AMEA rəhbəri nazirlik tərəfindən gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, onların sağlamlıqlarının qorunması, eləcə də istedadlı gənclərə dövlət qayğısı və gənc ailələrə dövlət yardımı sahəsində mühüm addımlar atıldığını vurğulayıb.

Tədbirin sonunda Şuraya açıq səsvermə yolu ilə yeni üzvlər seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə