Məleykə Abbaszadə: “Nailiyyətlərimizdə müəllimlərimizin əməyi danılmazdır”

Məleykə Abbaszadə: “Nailiyyətlərimizdə müəllimlərimizin əməyi danılmazdır”

Bu gün TQDK-da 2014-cü ildə keçirilmiş imtahanlarda qeyd olunan göstəricilərinə görə xüsusi fərqlənmiş nəzarətçi-müəllimlər təltif olunub. SİA-nın məlumatına görə, mükafatlandırma mərasimində TQDK-nın rəhbərliyi və kollektivi, müəllimlər, KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən TQDK-nın sədri Məleykə Abbaszadə imtahanların obyektiv və şəffaf keçirilməsində zal nəzarətçilərinin rolundan, üzərilərinə düşən vəzifələrin məsuliyyətindən, təhsilin müxtəlif pillələrinə və səviyyələrinə layiqli gənclərin seçilməsində onların xidmətlərindən bəhs edib. "Ölkəmizdə digər sahələrdə olduğu kimi, təhsil sahəsi də yüksələn xətlə inkişaf edir. Bu gün Azərbaycan gəncləri ölkəmizin və dünyanın müxtəlif nüfuzlu ali təhsil müəssisələrində təhsil alır, regional və beynəlxalq olimpiadalarda uğurlu nəticələr əldə edir. Bu və digər nailiyyətlərin əldə olunmasında müəllimlərimizin əməyi danılmazdır".
Məlumat üçün bildirək ki, 2014-cü ildə keçirilmiş test imtahanlarına nəzarətçi qismində cəlb edilmiş 14392müəllimdən 9061 nəfəri buraxılış imtahanlarında, 6558 nəfəri isə ali və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarında iştirak edib.Qəbul və buraxılış imtahanlarında nəzarətçi-müəllimlərin fəaliyyətlərinin qiymətləndirilməsinə dair araşdırmanın nəticələrinə əsasən nümunəvi fəaliyyətinə görə 771 nəzarətçi-müəllimə təşəkkür elan edilib, o cümlədən 26 nəzarətçi-müəllimin fəxri fərmanla təltif edilməsi barədə qərar qəbul olunub. Müxtəlif qayda pozuntularına, o cümlədən köçürmə hallarına yol verən 263 nəzarətçi bazadan xaric edilib.
Qeyd edək ki, indiyə qədər TQDK tərəfindən keçirilən imtahanlarda nümunəvi fəaliyyətinə görə fərqlənən 2017 nəzarətçiyə təşəkkür elan edilib, o cümlədən 248 müəllim fəxri fərmanlarla təltif olunub.

Bu araşdırmanın nəticələri nəzarətçi-müəllimlərin fəaliyyətlərinin təkmilləşdirilməsi, onlarla təşkil olunan treninqlərin məzmununun və metodunun yenidən işlənməsi, növbəti imtahanlar üçün nəzarətçi seçiminin meyarlarının korrektə edilməsi, respublika üzrə orta ümumtəhsil müəssisələrinin qabaqcıl müəllimlərinin imtahanların təşkilində aktiv iştirakının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Bütün xəbərlər Facebook səhifəmizdə