Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclasında Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2014-cü ilin yekunlarına dair hesabatı dinlənilib. SİA-nın məlumatına görə, bölmənin akademik katibi, akademik Akif Hacıyev ötən il görülən işlər sırasında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamları ilə təsdiq olunmuş Dövlət Proqramlarının müvafiq bəndlərinin icrası ilə bağlı görülmüş işlər haqqında məlumat verib. Akademik ilk olaraq ölkədə 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı Dövlət Proqramından danışıb. Bildirib ki, yerli mütəxəssislərin innovativ təkliflərinin sənaye sektorunda təşviqi məqsədi ilə dövlət orqanlarının, müəssisələrin və elmi təşkilatların nümayəndələrindən ibarət İnnovasiyaların Təşviqi Qrupu yaradılıb, tələbə və doktorantlar arasında sənayenin inkişafına dair elmi məqalələr müsabiqəsi keçirilib və qaliblər pul mükafatı ilə təltif olunublar. "Sənaye ili"ndəki uğurlardan danışan akademik-katib vurğulayıb ki, Radiasiya Problemləri İnstitutu Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə Texniki Əməkdaşlıq Proqramı çərçivəsində "Radiasiyalı Texnologiyaların imkanlarının genişlənməsi - sterilizasiya məqsədli güclü qamma-şüalanma kompleksi"nin yaradılması üzrə layihə həyata keçirir. Qeyd edib ki, xarici şirkətlərin nümayəndələri Bölmə İnstitutlarında son illərdə yaradılmış innovasiya yönümlü real tətbiqi əhəmiyyətli layihələrlə yaxından tanış olublar. Həmçinin innovativ layihələrin seçilməsi və müvafiq investisiyaların cəlb edilməsi üçün təkliflərin hazırlanmasına dair müzakirələr aparıblar. Kadr hazırlığına toxunan akademik ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələri ilə istehsalat müəssisələri arasında əlaqələrin genişləndirilməsinə dair tədbirlərin həyata keçirilməsindən, bir sıra ali təhsil müəssisələrinin tələbələrinin institutlarda təcrübə keçməsindən danışıb. A.Hacıyev sözügedən Dövlət Proqramına uyğun görülən işlər sırasında sənayenin inkişafına həsr olunmuş elmi məqalə, kitabça və digər nəşrlərin, həmçinin müxtəlif reytinqli jurnallarda məqalə və monoqrafiyaların dərc olunduğunu qeyd edib. Ötən il sentyabrda Azərbaycan Elmi-Tədqiqat və Layihə-axtarış Energetika İnstitutunun təsisçiliyi ilə "Energetikanın Texniki və Fiziki problemləri" üzrə Beynəlxalq konfransın keçirildiyi də vurğulanıb. Daha sonra bölmənin akademik-katibi "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası üzrə icra olunmuş tədbirləri diqqətə çatdırıb. O, elmin maddi-texniki bazasının və informasiya təminat sisteminin təkmilləşdirilməsi, elmin maliyyələşdirilməsi işində diversifikasiyanın aparılması, elm və istehsal arasında əlaqələrin gücləndirilməsi, tətbiqi elmdə həyata keçirilən araşdırmaların bazarın tələblərinə uyğunlaşdırılması istiqamətlərində görülən işlərdən danışıb. Vurğulayıb ki, Milli İnnovasiya Sisteminin formalaşdırılması prosesində xarici ölkə və yerli vençur şirkətlərinin nümayəndələri institutlara dəvət olunub, onlara son illərdə yaradılmış innovasiya əhəmiyyətli layihələr barədə məlumatlar verilib, investisiyaların cəlb edilməsi üçün müzakirələr aparılıb.
Sonda qeyd edilib ki, "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında Yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planı (2011-2015-ci illər)", "Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə üzrə Dövlət Proqramı"nın icrası ilə bağlı məlumatlar müvafiq qaydada AMEA Rəyasət Heyətinin Elm və Təhsil İdarəsinə təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB