Rəyasət Heyətinin növbəti iclası keçirilib

Rəyasət Heyətinin növbəti iclası keçirilib

Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq gündəlikdə əksini tapan üç məsələ ilə bağlı iştirakçılara məlumat verib. Akademik AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti və "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nda Akademiya qarşısında qoyulan tapşırıqlarla bağlı görüləcək işlərdən danışıb. Əvvəlcə AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Akif Hacıyev bölmənin 2014-cü ildəki fəaliyyətini əks etdirən hesabat məruzəsi ilə çıxış edib. A.Hacıyev bildirib ki, innovativ tədqiqatların təcrübədə tətbiqi, elmi tədqiqatların təbliği, gənc alimlərin fəaliyyətinin stimullaşdırılması, elmi fəaliyyətdə İKT-nin tətbiqinin genişləndirilməsi, elm və təhsilin inteqrasiyası, qrant və büdcə vəsaitləri hesabına laboratoriyaların müasir avadanlıqlarla təchizatı, AMEA-nın 70 illik yubileyinin keçirilməsi ilə əlaqədar tədirlərin icrası bölmənin fəaliyyət istiqamətlərində öz əksini tapıb. Hesabat ilində bölmənin müəssisələri ölkə Prezidenti tərəfindən təsdiq edilmiş Dövlət Proqramlarına daxil olan tədbirləri, 2014-cü ilin Azərbaycan Respublikasında Sənaye ili elan edilməsi ilə bağlı AR Prezidentinin Sərəncamında, "Azərbaycan – 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində keçən il üçün Tədbirlər Planında nəzərdə tutulmuş vəzifələri icra edib. "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında Yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planı (2011-2015-ci illər)", "Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə üzrə Dövlət Proqramı"nın icrası ilə bağlı məlumatlar da hesabat məruzəsində qeyd edilib. İclasda bölmə əməkdaşlarının ixtiraları haqqında müvafiq məlumatların rəsmi bülletenlərdə dərc olunması, alimlərin məqalələrinin 312-nin impakt faktorlu jurnallarda olmaqla nüfuzlu xarici elmi dərgilərdə nəşr edilməsi və çap məhsullarının sayının artırılmasına diqqət çəkilib. Hər il dünyanın 200-ə yaxın ölkəsində SJR agentliyi tərəfindən izlənilən və qiymətləndirilən 29382 jurnalın siyahısına ikisinin bölmənin riyaziyyat üzrə jurnalları - "Tətbiqi və hesablama riyaziyyatı" və "Azərbaycan Riyaziyyat jurnalı" olmaqla, Azərbaycandan 6 jurnalın daxil olması nailiyyətlərimizin son illərdəki dinamikasından xəbər verir. Bununla yanaşı, ötən ildə bir hissəsi ingilis dilində olmaqla bölmədə bəzi elmi jurnallar da nəşr olunub. Akademiyanın əsas fəaliyyət istiqamətlərinə daxil olan beynəlxalq əməkdaşlıqlar fonunda da bir sıra layihələrə və təşəbbüslərə start verilib. Belə ki, ötən il FRTEB-nin həm institutların, həm də ayrı-ayrı əməkdaşların beynəlxalq təşkilatlar, xarici ölkələrin tanınmış elmi tədqiqat, ali təhsil qurumları, şirkətlər, fondlarla imzaladığı müqavilələr, müasir avadanlıqlardan istifadə bacarıqlarının mənimsənilməsi və istifadəsi, eləcə də birgə elmi tədqiqat işlərinin aparılmasına dair qarşılıqlı mübadilə şəraitində birgə layihələr və kadr hazırlığı, konfransların və seminarların təşkili, səfərlər və sərgilər çərçivəsində reallaşıb.

Tədbirdə qeyd olunub ki, ötən il görkəmli alim və mütəfəkkirlərin adına AMEA-nın mükafatları təsis edilib və riyaziyyat, astronomiya sahəsində mühüm əhəmiyyətli fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə və ixtiralara görə verilən AMEA-nın Nəsirəddin Tusi adına mükafatı ilə akademik Çingiz Qacar təltif edilib. AMEA üzvlüyünə seçkilər nəticəsində bölməyə 6 həqiqi, 12 müxbir üzv seçilib. 2014-cü il ərzində keçirilən tədbirlər sırasında orta məktəblərdə fənn olimpiadalarının təşkili, "Regionlarda elmin kütləvi təbliği" çərçivəsində əməkdaşların Şamaxı, Lənkəran rayonlarında orta məktəb şagirdləri arasında bilik yarışmaları təşkil etməsi, eyni zamanda Rəyasət Heyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin təşkilatçılığı ilə regionlarda elmin populyarlaşdırılması məqsədilə keçirilən tədbirlər, gənclər üçün müsabiqələr yer alıb.

Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Nobel mükafatı laureatları Rudolf Markus (ABŞ), Ada Yonat (İsrail), David Qross (ABŞ), Teodor Henş (Almaniya), Corc Smut (ABŞ) AMEA Fizika İnstitutunun fəaliyyəti, nailiyyətləri və potensialı ilə tanış olub fikir mübadiləsi aparmaları təqdirəlayiq hal kimi qiymətləndirilib. Bölmənin tərkibinə daxil olan institutlarla Bakı Dövlət, Azərbaycan Texniki və Azərbaycan Dövlət Aqrar universitetləri, Azərbaycan Dövlət Neft Akademiyası ilə elmi-tədqiqat və kadr hazırlığı sahəsində memorandumlar imzalanması elm və təhsilin inteqrasiyasına xidmət edir. H.Əliyev Fondu, Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri ilə birgə "Ali məktəb tələbələri arasında İnformatika üzrə Ümumrespublika Olimpiadası" təşkil edilib, Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı "BakuTel-2014" çərçivəsində keçirilmiş "İnformatika təhsili-günümüzün çağırışları" panelində bəzi mövzular ətrafında müzakirələr aparılıb. Rəyasət Heyətinin qərarı ilə hesabat təsdiq edilib, elmi istiqamətlər üzrə bölməyə daxil olmayan elmi-tədqiqat, təhsil və sahə müəssisələrində əldə edilmiş və digər mühüm nəticələr bəyənilib bölmə üzrə statistik məlumatlar nəzərə alınaraq AMEA-nın illik hesabatına daxil edilib. Həmçinin multidisiplinar layihə və innovasiyalı tədqiqatlara təkan verən yeni fundamental tədqiqat işlərinin təşkili ilə bağlı zəruri tədbirlər planının hazırlanıb Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.

Tədbirdə A.Əlizadə sənayeləşmənin yeni mərhələsində mövcud potensialdan daha səmərəli istifadə etməklə Azərbaycanın regionda güclü sənaye mərkəzinə çevrilməsini təmin etmək məqsədilə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında müəyyən edilmiş fəaliyyət istiqamətlərindən danışıb. Akademik qeyd edib ki, "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı" hazırlanıb və Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilib. Sözügedən dövlət proqramından irəli gələn vəzifələrin icrası ilə əlaqədar olaraq bölmələrin təqdim etdikləri məlumatların müəyyən olunmuş formada tərtib olunaraq Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsi tərəfindən müvafiq dövlət qurumlarına təqdim olunması ilə bağlı qərar qəbul olunub. Sonda aqrar elmlər üzrə elmlər doktoru Əlövsət Quliyev AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsinə təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə