Bu gün Təhsil Nazirliyində "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planına həsr olunmuş mətbuat konfransı keçirilib. Konfransda nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsilin məzmununun yaradılması, yüksək nüfuzlu təhsilverənin, yeni idarəetmə sisteminin formalaşdırılması, ömürboyu təhsili təmin edən infrastrukturun, yeni maliyyələşdirmə mexanizmlərinin yaradılması və digər məsələlər barədə Fəaliyyət Planında nəzərdə tutulmuş müddəaları izah ediblər.
Tədbirdə çıxış edən Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov qeyd edib ki, 12 illik təhsilə keçidlə bağlı fikirlər bildirilməzdən öncə dünyanın inkişaf etmiş ölkələrində təhsillə bağlı məlumatlar təhlil edilib. Onun sözlərinə görə, belə müəyyən olunub ki, dünya ölkələrində ümumi təhsilin müddəti 12 il və daha artıqdır: "Azərbaycanda da 12 illik təhsilə keçidlə bağlı müəyyən tədbirlər görülməlidir. Bu məsələ artıq dövlət strategiyasında öz əksini tapıb. 12 illik təhsilə keçid tədris planlarında köklü şəkildə dəyişikliyi, buna əsasən dərsliklərin dəyişikliyini nəzərdə tutur".
Tədbirdə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" çərçivəsində qarşıda duran vəzifələr bir daha diqqətə çatdırılıb, həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Sonda Təhsil Nazirliyinin rəsmiləri jurnalistlərin çoxsaylı suallarını cavablandırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB