Xəzər Universiteti 71-ci yerdədir

Xəzər Universiteti 71-ci yerdədir

Bu gün Xəzər Universitetində "Azərbaycanda Ali Təhsilin İnkişafı və Dünya Reytinq Cədvəlləri" mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə universitet rəhbərliyi və bir sıra Kütləvi İnformasiya Vasitələri nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə universitetin rektoru, professor Hamlet İsaxanlı açaraq qeyd edib ki, müasir dünyada yaxşı ali məktəb elmi tədqiqat gücü, maddi-texniki bazası, kadr potensialı və keyfiyyətli təhsil verməsi ilə tanınır. Onun sözlərinə görə, hazırki dövrdə ali məktəblər müasir, modern olmalı, yeni inkişaf meyllərini nəzərə almalı, əslində bu inkişafın hazırlanmasında iştirak etməli, dünyada görünməli, yeri olmalıdır: " Bir ali məktəbin adı-sanı onun beynəlxalq aləmdə tanınması, dünyanın digər ali təhsil və elm ocaqları, böyük şirkətlər və dünya mediası tərəfindən bəyənilməsi ilə birbaşa bağlıdır. Lakin ölkəmizdə fəaliyyət göstərən ali məktəblərin müasirləşməsi çox yavaş getdiyi üçün onlar beynəlxalq aləmdə az tanınır və müxtəlif kriteriyalar əsasında dünyada aparılan güc sıralanmasında, yəni reytinq araşdırmalarında Azərbaycan ali məktəbləri, demək olar ki, görünmür".

Tədbirdə o da vurğulandı ki, son bir neçə ildə nüfuzlu beynəlxalq təşkilatların reytinq cədvəllərində Azərbaycan universitetləri də yer almağa başlayıb. Bu, Azərbaycanda ali təhsil sahəsində inkişaf və ciddi uğurlar olduğunun göstəricisidir. Dünyada universitetlərin reytinqinin müəyyənləşdirilməsi sahəsində tanınmış təşkilatlardan biri olan "QS" təşkilatının reytinq cədvəlində Xəzər Universiteti 100 ən yaxşı ali məktəb arasında 39.6 balla 71-ci yerdə qərarlaşıb. Həmin sıralamada Bakı Dövlət Universiteti 39.4 balla 72-ci, Qafqaz Universiteti 38.5 balla 75-ci yerdədir. Onu da qeyd edək ki, xarici mütəxəssislərin işə cəlb edilməsi indikatoru üzrə Xəzər Universiteti ilk 5 ən yaxşı universitet sırasındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə