ABŞ-ın Hyuston Universitetinin rektoru və prezidenti Renu Xatur, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun dəvəti ilə Azərbaycana səfər edib. BANM-dan SİA-ya verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər. Daha sonra onlar Bakı Ali Neft Məktəbində bir sıra görüşlər keçiriblər.
Qonaqları Azərbaycanda və Bakı Ali Neft Məktəbində görməkdən məmnunluğunu ifadə edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Azərbaycanla ABŞ arasında olan əlaqələrin tarixindən danışıb. Elmar Qasımov 1976-cı ildən qardaşlaşmış şəhərlər olan Bakı və Hyuston arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. O, Prezident cənab İlham Əliyevin Azərbaycan-ABŞ əlaqələrinin müasir şəraitdə inkişafına xüsusi diqqət göstərməsi sayəsində iki ölkə arasında çoxşaxəli əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini qeyd edib. Rektor həmçinin BANM-ın yaranma tarixi, fəaliyyəti, məqsədləri və qısa zamanda əldə etdiyi uğurları haqqında qonaqlara geniş məlumat verib. O, BANM və Hyuston Universiteti arasında Neft-qaz mühəndisliyi, Kimya mühəndisliyi ixtisasları üzrə qarşılıqlı əməkdaşlığın qurulmasında və bu əməkdaşlıq çərçivəsində tələbə və mütəxəssislərin mübadiləsi, tədris proqramlarının hazırlanması və tətbiqi, birgə tədqiqatların aparılması və digər məsələlər üzrə fəaliyyət göstərilməsində maraqlı olduğunu bildirib.
Öz növbəsində, ABŞ-ın Hyuston Universitetinin rektoru və prezidenti Renu Xatur Azərbaycana ilk dəfə səfər etdiyini xatırlatdı və bu dəvət üçün Bakı Ali Neft Məktəbinin rektoru E.Qasımova öz dərin təşəkkürünü bildirdi. O, təhsil əlaqələrinin ölkələrarası münasibətlərin inkişafında mühüm əhəmiyyət daşıdığını bildirib.
Görüşdə, eyni zamanda, BANM və Hyuston Universiteti arasında gələcək qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.
Birgə magistr hazırlığı ilə bağlı hər iki ali məktəb arasında Razılaşma Protokolu imzalandı.
Sonra ABŞ-ın Hyuston Universitetinin rektoru və prezidenti Renu Xatur BANM-in professor-müəllim heyəti və tələbələri ilə görüş keçirib. Görüşdə Hyuston Universiteti haqqında tələbələrə geniş məlumat verilib, universitetin professor-müəllim heyəti dünyaca tanınmış və təcrübəli elmi işçilər, onların bir çoxu Nobel və Toni mükafatçıları olduqları qeyd olunub. Renu Xatur rəhbərlik etdiyi Universitetin tələbələrinin etnik tərkibinin müxtəlifliyinə görə, ABŞ-da ikinci ən böyük universitet olduğunu və burada təhsil alan tələbələrin ümumi sayının 40.750 nəfər təşkil etdiyini tələbələrin diqqətinə çatdırıb.
Sonda Hyuston Universitetinin rektoru və prezidenti Renu Xatura Bakı Ali Neft Məktəbinin "Fəxri Qonaq" diplomu təqdim edilib.
Səfər çərçivəsində qonaqlar üçün Bakının tarixi və müasir mədəni yerlərinə səfərlər, həmçinin BANM-in tikilməkdə olan yeni kampusu və Bibiheybət neft mədənləri ilə tanışlıq təşkil olunub.
Məlumat üçün bildirək ki, Renu Xatur 29 iyun 1955-ci ildə Hindistanda anadan olub. Kanpur Universitetində mühəndislik ixtisası üzrə bakalavr təhsilini almışdır. Magistratura və doktorantura təhsillərini isə Purdu Universitetində politologiya ixtisası üzrə təhsil alıb. Beynəlxalq ekologiya siyasəti sahəsində tanınmış alimlərdən olan R.Xatur bu mövzuda çoxsaylı kitab və məqalələrin müəllifidir. Hyuston Universitetinə təyin olunmaqdan öncə Florida Universitetində 22 il müddətində müxtəlif vəzifələrdə çalışıb. 2008-ci ildən etibarən R.Katur həm Hyuston Universiteti Şəbəkəsinin prezidenti, həm də universitetin rektorudur. Bu universitetin ilk qadın rektoru və ABŞ-da elmi-tədqiqat yönümlü ali təhsil müəssisəsinə rəhbərlik edən ilk Hindistanlı immiqrantdır. Hazırda Amerika Təhsil Şurası, Dallas Federal Ehtiyatlar Bankı, Böyük Hyuston Tərəfdaşlığı, Hyuston Texnologiya Mərkəzi, Texas Tibb Mərkəzinin Siyasi Şurası, Biznes üzrə Ali Təhsil Forumu və Xarici Əlaqələr Şurasının üzvüdür.
Xatırladaq ki, Hyuston Universitetində Xocalı soyqırımı, eləcə də Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı bir sıra tədbirlər hər il ənənəvi olaraq keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB