“Total” şirkətinin Azərbaycan üzrə icraçı-direktoru BANM-da olub FOTO
Fransanın "Total" şirkətinin Azərbaycan üzrə yeni təyin olunmuş icraçı direktoru və Azərbaycan üzrə təmsilçisi Denis Lemarşal Bakı Ali Neft Məktəbində (BANM) olub. BANM-dan SİA-ya verilən məlumata görə, qonağı salamlayan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov rəhbərlik etdiyi ali təhsil ocağı haqda məlumat verib. O, Ali Məktəbin yaranma tarixindən danışıb, BANM-ın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2011-ci ildə yaradıldığını bildirib. Elmar Qasımov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) nəzdində açılan bu Ali Məktəbin yarandığı qısa zaman ərzində dünya şöhrətli, bir çox tanınmış neft-qaz şirkətləri ilə əməkdaşlığa imza atdığını qonağın diqqətinə çatdırıb.
O qeyd edib ki, bu il Ali Məktəbə qəbul olan abituriyentlərdən 17 nəfəri Prezident təqaüdçüsü adını qazanıblar: "BANM-ın Azərbaycanda fəaliyyət göstərən xarici neft-qaz şirkətləri, həmçinin ARDNŞ üçün kadr hazırlığı həyata keçirib və tələbələrin bu şirkətlərdə mütəmadi olaraq təcrübə keçiblər. "Total" şirkəti Bakı Ali Neft Məktəbinin ilk əməkdaşlıq etdiyi şirkətdir".
Elmar Qasımov qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu vurğulayıb. O, Denis Lemarşalı və şirkətin əməkdaşlarını BANM tələbələri üçün mühazirə-seminarlar keçirməyə dəvət edib və bunun tələbələr üçün faydalı olacağını bildirib.
Öz növbəsində,"Total" şirkətinin Azərbaycan üzrə İcraçı direktoru və təmsilçisi Denis Lemarşal BANM-da olmasından məmnunluq ifadə edib. O. Fransa ilə Azərbaycan arasında əlaqələrdən söz açıb və bu ikitərəfli əlaqələrin əsasının Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirildiyini qeyd edib.
Xatırladaq ki, BANM və Fransanın "Total"şirkəti arasında 10 aprel 2013-cü ildə Əməkdaşlıq Protokolu imzalanıb. Sənəddə BANM və Fransanın neft-qaz və kimya yönümlü ali təhsil müəssisələri arasında əməkdaşlığın qurulması, Fransada doktorantura təhsilinin təşkili, tələbələrin bir qisminin "Total" şirkətinin baş ofisində təcrübə keçmələrinin təmin edilməsi, "Professionallar Assosiasiyası"nın üzvlərinin Bakı Ali Neft Məktəbinin tələbələri üçün mühazirələr oxumasının təmin olunması və BANM-in tələbələrinin Fransanın elm və tədris müəssisələrinin kitabxana-informasiya resurslarından istifadə etməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB