Şagird beynəlxalq olimpiadadan bürünc medalla qayıdır

Şagird beynəlxalq olimpiadadan bürünc medalla qayıdır

Argentinanın Mendoza şəhərində keçirilən 11-ci Beynəlxalq Təbiət Elmləri Olimpiadasında Azərbaycan komandasının üzvü, X sinif şagirdi Məmməd Əliyev bürünc medal qazanıb. Təhsil Nazirliyindən bildiriblər ki, məktəblilərin bilik yarışmasında Azərbaycanı "İstək" liseyinin şagirdləri təmsil ediblər. Olimpiadada 40-dan çox ölkədən 200-dən artıq iştirakçı birincilik uğrunda biliklərini sınayıb.

Olimpiada üç mərhələdə keçirilib. Birinci mərhələ fizika, kimya və biologiya fənlərinin hər birindən 10 sual olmaqla 30 sualdan ibarətdir. İkinci mərhələ "nəzəri tur" adlanır və fizika, kimya, biologiya fənlərindən açıq sualları əhatə edir. "Praktik tur" adlanan üçüncü mərhələdə fizika, kimya və biologiya fənlərinə uyğun laboratoriya işləri komanda şəklində yerinə yetirilir.

Beynəlxalq Təbiət Elmləri Olimpiadası 2004-cü ildən keçirilir. 2009-cu ildə Bakıda təşkil edilmiş 6-cı olimpiadaya 50 ölkə qatılıb. Bu, olimpiadanın tarixində ən böyük göstərici hesab olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə