Azərbaycan Dillər Universitetində (ADU) universitetin Xarici dillər kafedrasının baş müəllimi Ülviyyə Hüseynovanın təşkilatçılığı ilə "Beynəlxalq ərəb dili günü"nə həsr olunmuş tədbir keçirilib. Universitetdən SİA-ya verilən xəbərə görə, Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Ərəb ölkələrinin Azərbaycandakı səfirlərini və səfirliklərin nümayəndələrini tədbirdən əvvəl qəbul etdi. Qonaqları salamlayan rektor onları universitetdə görməkdən məmnun olduğunu dilə gətirib. "Beynəlxalq ərəb dili günü" münasibətilə təbriklərini çatdıran rektor Səməd Seyidov bu günün universitetdə keçən tədris ilində də qeyd olunduğunu xatırladıb. Azərbaycan və ərəb ölkələri arasında olan əlaqələrdən söz açan rektor Səməd Seyidov bu münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini iştirakçıların diqqətinə çatdırıb. Səməd Seyidov Azərbaycan və ərəb dili arasında oxşarlıqların olduğunu da sözlərinə əlavə edib.
İraqın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Heydər Əl Bərrak səmimi qəbula görə təşəkkür edib. Belə tədbirlərin keçirilməsini gələcək əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində uğurlu bir addım kimi qiymətləndirən səfir ADU-nun rektoru, professor Səməd Seyidovun rəhbərliyi ilə qarşılıqlı əlaqələrin günü-gündən inkişaf etdiyini söyləyib.
Tədbirdə ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov ilk öncə bu günkü tarixin Azərbaycan Respublikası üçün önəmli olduğunu xatırladaraq Azərbaycan Prezidenti İlham Əliyevin doğum günü olduğunu qeyd edib və təbriklərini ifadə edib. Rektor Səməd Seyidov daha sonra çıxış edərək ərəb diplomatlarını "Beynəlxalq ərəb dili" günü münasibətilə təbrik edib. Bu günün əlamətdar hadisə olduğunu söyləyən rektor Səməd Seyidov "Beynəlxalq ərəb dili günü"nün Azərbaycan Dillər Universitetində qeyd olunmasının xüsusi şərəf olduğunu diqqətə çatdırıb. Bir müddət öncə universitetdə yalnız Avropa dillərinin öyrədildiyini deyən rektor hal-hazırda təhsil müəssisəsində tədris olunan 22-ə yaxın dilin içərisində Ərəb dilinin tədrisinin də tələbələrin marağına səbəb olduğunu bildirib. Keçən tədris ilində "Beynəlxalq ərəb dili günü"nün qeyd olunduğunu xatırladan rektor Səməd Seyidov bu hadisəni ADU-da ənənəvi tədbirlər siyahısına əlavə etməyin məqsədəuyğun olduğunu söyləyib. Azərbaycanda sürətli inkişaf mərhələsi yaşandığını deyən rektor, professor Səməd Seyidov Azərbaycan və ərəb ölkələri arasında olan əlaqələrdən söz açıb. İslam dünyası birliyinin vacib məsələ olduğunu vurğulayan ADU-nun rektoru bu birliyə söykənərək gələcək uğurlara birgə imza atmağa səsləyib.
Tədbirdə çıxış edən İraqın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Heydər Əl Bərrak hər kəsi bu gün münasibətilə təbrik edib. O, ərəb dilinin digər dillərdən daim fərqləndiyini qeyd edib. Ərəb dilinə olan marağın günü-gündən artmasının sevindirici hal olduğunu bildirən səfir ADU-da rektor, professor Səməd Seyidovun dəstəyi ilə "Beynəlxalq Ərəb dili günü"nün qeyd olunmasını təqdirəlayiq hal hesab etdiyini dilə gətirib. Bu günün ənənəyə çevrilərək "Ərəb-Azərbaycan Birliyi günü" kimi qeyd olunmasının məqsədəmüvafiq olduğunu bildirib.
Daha sonra çıxış edən şərqşünas-alim Vasif Məmmədəliyev bu bayramın qeyd olunmasından məmnun olduğunu bildirib. Ərəb dilinin özünəməxsus cəhətlərindən danışan V. Məmmədəliyev ərəb dilində mövcud olan nümunələrdən tərcümələr edən azərbaycanlı professorların fəaliyyətindən söz açıb. O, ADU-nun rektoru, professor Səməd Seyidova ərəb dili və Ərəb ölkələri ilə olan münasibətlərin inkişafında göstərdiyi diqqətə və tədbirin keçirilməsində təqdim etdiyi geniş imkanlara görə təşəkkürlərini bildirib.
Tədbirdə ADU-nun Ərəbşünaslıq ixtisasında təhsil alan tələbələrin uğurları, o cümlədən universitet rəhbərliyinin ADU-da Ərəb dilinin tədrisi ilə bağlı fikirlərinin əks olunduğu videoçarx nümayiş olunub.
ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin Ərəbşünaslıq ixtisasında təhsil alan tələbələrin ifasında ərəb dilində şeirlər, mahnılar səsləndirilib. Ərəb dilində "Harun ər Rəşid və Əbu Nüvas" adlı səhnəcik nümayiş olunan tədbirdə, həmçinin, Misir Folkorundan Tannura rəqsi ifa olunub. ADU-nun "Dalğa" rəqs qrupu "Şalı-şalı" rəqsini təqdim etdi. Fələstin rəqs qrupunun ifasında "Dabke" ərəb rəqsi göstərildi, İraq rəqs qrupunun çıxışı izlənilib.
Daha sonra ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Ərəb dilinin inkişafı və təbliğində göstərdiyi xidmətlərinə görə Misir Ali Təhsil Nazirliyi tərəfindən medalla təltif olunub. Medalı rektor Səməd Seyidova Misir Mədəniyyət Mərkəzinin direktoru Əhməd Sami Elaydi təqdim etdi. Mükafatlanmanın xoş sürpriz olduğunu bildirən rektor Səməd Seyidov bu hadisənin gözlənilməz olduğunu söyləyib.
Rektor Səməd Seyidov və tədbirin təşkilatçısı universitetin Xarici dillər kafedrasının baş müəllimi Ülviyyə Hüseynova İraq, Misir, Sudan və Səudiyyə Ərəbistan səfirliklərinin xüsusi təşəkkürnamələri ilə təltif olundu, müxtəlif hədiyyələr təqdim olunub.
Xatırladaq ki, ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində Ərəbşünaslıq ixtisası 2010/2011-ci tədris ilində açılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB