Azərbaycandakı bəzi universitetlərin birləşdirilməsi təklif olunur

Azərbaycandakı bəzi universitetlərin birləşdirilməsi təklif olunur

Millət vəkili Asim Mollazadə Azərbaycanda fəaliyyət göstərən bir çox universitetlərin ixtisar olunaraq, birləşdirilməsini təklif edir. SİA-nın məlumatına görə, bu təkliflə deputat bu gün Milli Məclisdə "Elm haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.

A. Mollazadə bildirib ki, bu gün Azərbaycanda yalnız Bakı Dövlət Universiteti yüksək səviyyəli təhsil vermək standartlarına cavab verir: "Digər Universitetlərdə isə bu imkan məhduddur. Ona görə də təklif edirəm ki, biz əgər ölkədə elmin ciddi inkişafına nail olmaq istəyiriksə o zaman universitetlər birləşdirilməlidir. Digər tərəfdən neft-kimya, sənaye sahəsindəki elmi ocaqların inkişafı prioritet məsələ olmalıdır".

Millət vəkili deyib ki, qanuna əsasən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) elm siyasətini müəyyən edəcəyindən bu qurumun funksiyaları konkretləşdirilməlidir: "Əgər AMEA elm siyasətini müəyyən edəcəksə və bu sahədə icraçı rolu oynayacaqsa, o zaman onun vəzifələri dəqiqləşdirilməlidir. Hesab edirəm ki, bu da qanun layihəsində öz əksini tapmalıdır".

Millət vəkilinin digər bir təklifi isə ölkədəki etno muzeylərin və bəzi elmi istehsalat birliklərinin müvafiq universitetlərin tabeçiliyinə verilməsi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə