Abel Məhərrəmov: “Elmin önündə oğlanlar getməlidir?”

Abel Məhərrəmov: “Elmin önündə oğlanlar getməlidir?”

""Elm haqqında" qanun layihəsi ilə istehsalat arasında nə dərəcədə vəhdət olduğu nəzərə alınmalıdır". SİA-nın məlumatına görə, bunu millət vəkili, BDU-nun rektoru Abel Məhərrəmov Milli Məclisdə "Elm və Təhsil haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

A.Məhərrəmov qeyd edib ki, bu qanunun belə məsələləri nə dərəcədə əhatə etməsi barədə düşünmək lazımdır: "Azərbaycanda elmi innovasiyalar tətbiq edilərsə, sənaye gəlirlərinin bir hissəsini bu sahədən əldə etmək olar. Azərbaycan Prezidenti İlham Əliyev bu məqsədlə texnoparkların yaradılması barədə sərəncam verib. Məqsəd elmi innovasiyaları tətbiq etməkdir".

Qanun layihəsinin mükəmməl hazırlandığını vurğulayan millət vəkili əlavə edib ki, gələcəkdə bu qanun layihəsinə əlavələr ola bilər: "Qanun layihəsində hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsinin öz əksini tapması çox vacib məqamdır. Oğlanlar hərbi xidmətə gedir. Qızlar isə magistratura, doktranturanı bitirdikdən sonra ailə həyatı qururlar. Eləsi var 3 il, eləsi də var 8 il dekretə çıxır. Heç kim inciməsin, məhz bunları nəzərə aldıqda demək olar ki, elmin önündə oğlanlar getməlidir?".

Millət vəkili qanun layihəsində qeyd olunan elmlər namizədi və professorlara vəsait ayrılması ilə bağlı müddəalara da toxunub: "Elmlər namizədinə 200, professorlara isə 400 manat məvacib verilməsi nəzərdə tutulur. Bunu minimum əmək haqqı ilə indeksləşdirsək, çox yaxşı olar. Arxayın ola bilərik ki, Azərbaycanda gələcəkdə professorlar 4-5 min manat maaş alanda 300-400 manat onun içərisində elə də gözə çarpmayacaq. Düzdür, bəzi məsələlər Maliyyə Nazirliyindən asılıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə