İnternat məktəbində bayram şənliyi keçirilib

İnternat məktəbində bayram şənliyi keçirilib

Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Təhsil Nazirliyinin, Heydər Əliyev Fondunun, Xəzər rayon İcra hakimiyyətinin rəsmiləri və 30-dan çox media qurumunun təmsilçiləri iştirak ediblər.

Şənlikdə məktəb şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş olunub. Məktəblilərin çıxışları maraqla izlənilib. Şənliyin sonunda uşaqlara bayram hədiyyələri paylanılıb. Media nümayəndələri və qonaqlar həmçinin fənn otaqlarına, emalatxanalara baxıb, şagirdlər üçün yaradılan tədris və məişət şəraiti ilə yaxından tanış olublar.

Məlumat verilib ki, ötən tədris ilindən Təhsil Nazirliyinin tabeliyinde olan internat məktəblərində beynəlxalq və yerli standartların, sanitar-gigiyenik və sanitar-epidemioloji tələblərin yerinə yetirilməsi məqsədilə qidalanmanın vahid mərkəzdən idarə edilməsinə başlanılıb. Qeyd olunub ki, təlimin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə 1-4 cü siniflər üzrə yeni tədris proqramları hazırlanıb, kıçik yaş qrupunda sağlamlıq imkanları məhdud olan uşaqlar üçün kurikulum təlimləri keçirilir.

1979-cu ilde fəaliyyətə başlayan məktəbin binası Heydər Əliyev Fondu tərəfinden əsaslı təmir olunaraq istifadəyə verilib. Məktəb Heydər Əliyev Fondu və Təhsil Nazirliyi tərəfindən yeni məktəb ləvazimatları, inventar, fənn kabinetləri üçün avadanlıqlar və laboratoriyalar, məktəbli forması, geyim əşyaları və dərsliklərlə təmin edilib. Hazırda məktəbdə nitqi qüsurlu olan 173 uşaq təlim-tərbiyə alır. Müəssisədəki uşaqların təlim-tərbiyəsi ilə 96 nəfərdən ibarət pedaqoji heyət məşğul olur.

Təranə Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə