Naxçıvan şəhərindəki Cəmşid Naxçıvanskinin ev-muzeyi ilə muxtar respublikada fəaliyyət göstərən məktəblər arasında interaktiv əlaqə yaradılaraq canlı dərs aparılıb. Muxtar respublikada fəaliyyət göstərən 200-ə yaxın tam, orta ixtisas və peşə məktəblərinin şagird, müdavim və tələbələri videobağlantıya qoşularaq elektron lövhə vasitəsilə muzeydə keçirilən dərsi izləyib, Cəmşid Naxçıvanskinin həyat və fəaliyyəti ilə daha yaxından tanış olublar.
Naxçıvan Musiqi Kollecinin tarix müəllimi Aytən Məmmədova məşhur Naxçıvan xanları sülaləsinin sonuncu – altıncı generalı, briqada komandiri Cəmşid Naxçıvanskinin həyatı və fəaliyyəti haqqında məlumat verib.
Qeyd olunub ki, 1895-ci il avqustun 10-da anadan olan Cəmşid Naxçıvanski Birinci Dünya müharibəsində müsəlmanlardan təşkil olunmuş süvari eskadronunun komandiri olub, Brusilov cəbhəsinin yarılmasında iştirak edib, 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni ilə təltif olunub. Avstriya-Rumıniya cəbhəsində üç dəfə yaralanan C.Naxçıvanski igid süvari zabit kimi gümüş silahla mükafatlandırılıb, müxtəlif dərəcəli "Anna" və "Stanislav" ordenləri ilə təltif edilib.
Müharibədən sonra C.Naxçıvanski başçılıq etdiyi süvari alayı ilə birgə Bakının düşmənlərdən təmizlənməsində iştirak edib, Azərbaycanın müstəqilliyi uğrunda döyüşlərdə inamla vuruşub.
Şagirdlər elektron lövhə vasitəsilə muzeyin əməkdaşı Zenfira Adıgözəlovanın bələdçiliyi ilə eksponatlarla tanış olublar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında" 2014-cü il 20 iyun tarixli Sərəncamı muxtar respublikada elektron təhsilin tətbiqinin genişləndirilməsinə, təhsil müəssisələrində virtual tədris mühitinin formalaşdırılmasına, tədrisin əyaniliyinin və səmərəliliyinin daha da artırılmasına böyük imkanlar yaradıb.
http://azertag.az/xeber/820131
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB