Səməd Seyidov Norveç Krallığının Azərbaycandakı səfirini qəbul edib FOTO

Səməd Seyidov Norveç Krallığının Azərbaycandakı səfirini qəbul edib FOTO

Bu gün Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Norveç Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bord İvar Svendseni qəbul edib. SİA-nın verdiyi məlumata görə, qonağı salamlayan rektor Səməd Seyidov onu universitetdə görməkdən məmnun olduğunu bildirib. O, ADU ilə Norveç universitetləri arasında əlaqələrin mövcudluğundan söz açıb. Rəhbərlik etdiyi universitetdə Skandinaviya mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdıran rektor, professor Səməd Seyidov bu mərkəzin ölkələrarası əlaqələrin inkişafına, mədəniyyətlərin öyrənilməsinə xidmət etdiyini vurğulayıb. Norveçlə ADU arasında olan əlaqələrdən danışan rektor Səməd Seyidov universitetdə fəaliyyət göstərən Skandinaviya mərkəzinin fəaliyyətini yüksək qiymətləndirdi və bu mərkəzin ikitərəfli əlaqələrin inkişafında rol oynadığını sözlərinə əlavə edib. ADU-nun Beynəlxalq əlaqələrindən danışan rektor, digər Avropa ölkələri ilə də əməkdaşlıqdan söz açdı. Rektor, professor Səməd Seyidov tələbələrin norveç dilinə olan marağından danışdı və hər il bir qrup tələbənin Norveçin Oslo Universitetinə Yay məktəbinə göndərildiyini sözlərinə əlavə edib.

Səmimi qəbula görə təşəkkür edən Norveç Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bord İvar Svendsen universitetdə olmağından məmnun olduğunu bildirdi. Səfir ADU və burada fəaliyyət göstərən Skandinaviya mərkəzi haqqında artıq məlumatının olduğunu qeyd edib. O, universitetdə norveç dilinin tədrisini yüksək qiymətləndirdi. Səfir Bord İvar Svendsen ikitərəfli əlaqələrin daha inkişaf edəcəyinə əminliyini ifadə etdi. O, norveç dilini öyrənən tələbələrlə tanış olmaq və onlara mühazirə oxumaqdan şad olacağını sözlərinə əlavə edib.

Qeyd edək ki, görüşdə gələcək əməkdaşlıq perspektivləri, birgə layihələrin keçirilməsi, tələbə-müəllim mübadiləsi haqqında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə