Nəbi Xəzrinin 90 illik yubileyi ADU-da qeyd edildi FOTO

Nəbi Xəzrinin 90 illik yubileyi ADU-da qeyd edildi FOTO

Dekabrın 19-da Azərbaycan Dillər Universitetində şair, nasir, dramaturq, publisist Nəbi Xəzrinin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. ADU-dan SİA-ya verilən xəbərə görə, tədbir Azərbaycan dili və ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Nəbi Xəzrinin 90 illik yubileyinin keçirilməsi haqqında 25 iyun 2014-cü il tarixli Sərəncamına əsasən baş tutub.

Açılış nitqi ilə çıxış edən kafedranın müdiri, professor Fəridə Səfiyeva hər kəsi salamlayıb. O, N. Xəzri poeziyasının həmişəyaşar olduğunu söyləyərək qonaqları tədbirdə bu poeziyanın möhtəşəmliyini hiss etməyə dəvət edib.

Tədbirdə Nəbi Xəzrinin ömür fəsilləri təsvir edilərək dramaturqun həyat və yaradıcılığına səyahət olunub. Filologiya və Jurnalistika fakültəsinin tələbələri şairin ömür səhifələrini bahar, yay, payız və qış fəsillərinə bölərək hər fəslə uyğun yaşadığı ömür, ömrünün hər fəslində yaratdığı, yazdığı təkrarolunmaz sənət nümunələrindən söz açıblar. N. Xəzrinin qayğısız uşaqlıq illəri, məktəb çağları, universitet həyatı, ailə qayğıları haqqında danışılaraq şairin qələminin məhsulu olan şeirlər söylənilib.

Tələbələrin ifasında N. Xəzrinin "Torpağa sancılan qılınc" əsəri əsasında səhnələşdirilmiş tamaşadan səhnəciklər göstərildi. Şeirləri dillər əzbəri olan N. Xəzrinin sözlərinə bəstələnmiş nəğmələr səsləndirilib, rəqslər təqdim olunub.

Sonda Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın himni adlandırdığı, Müslüm Maqomayevin N. Xəzrinin sözlərinə yazdığı "Azərbaycan" mahnısı eşidilib.

Qeyd edək ki, tədbirdə Nəbi Xəzrinin övladlari da iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə