Bu gün Azərbaycan Müəllimlər İnstitutunda "Müasir tərbiyə sisteminin vəziyyəti: axtarışlar, problemlər, təkliflər" mövzusunda Respublika konfransı öz işinə başlayıb. SİA-nın verdiyi xəbərə görə, əvvəlcə konfrans iştirakçıları və qonaqlar institutun nəzdində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzini ziyarət ediblər, Ulu Öndərin büstü önünə əklil qoyublar.
Azərbaycan Müəllimlər İnstitutunun prorektoru Razim Məmmədov konfransın plenar iclasını giriş sözü ilə açaraq, konfransın mövzusunun aktuallığından, müasir tərbiyə sisteminin vəziyyətinə həsr olunmuş məruzələrin müzakirəsinin əhəmiyyətindən danışıb. O bildirib ki, ölkəmizdə böyük uğurla həyata keçirilən sosial-iqtisadi siyasət, genişmiqyaslı islahatlar və infrastruktur layihələri təhsil sisteminin müasirləşdirilməsi və davamlı inkişafı üçün münbit zəmin yaradıb. Təhsili millətin gələcəyi adlandıran, müəllim peşəsini dünyada ən şərəfli sənət sayan Ulu Öndər Heydər Əliyevin yaratdığı təməl üzərində modernləşən respublikamızda təhsil cəmiyyətin inkişafının prioritet istiqamətlərindən birinə çevrilib: "Ölkəmizin qarşısında mühüm strateji vəzifə kimi qoyulan müasirləşdirmə xətti, ilk növbədə, qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər arasında yaradılan innovasiyaların ölkənin sosial-iqtisadi həyatına, o cümlədən təhsil siteminə uğurlu tətbiqini tələb edir".
Prorektor vurğulayıb ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Dövlət İdarəçilik Akademiyasının 15 illik yubileyindəki çıxışı xüsusi diqqət mərkəzində saxlanılmalıdır: "Onun ali, orta ixtisas və ümumtəhsil məktəblərində təlim-tərbiyə işinin təşkili ilə bağlı səsləndirdiyi problemlər konfrans çərçivəsində öndə duran məsələlərdən olmalı, onların həlli yolları ilə bağlı fikir mübadiləsi aparılmalı, təkliflər verilməlidir".
Tədbirdə iştirak edən Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov, Azərbaycan Respublikası Təhsil Şurasının sədri Əjdər Ağayev, Azərbaycan Dövlət Pedaqoji Unversitetinin tərbiyə işləri üzrə prorektoru Rafiq Baxşəliyev və ali təhsil ocağının professor və müəllimləri nitqlərində gənclərin milli ruhda tərbiyəsində təhsilin rolunun yüksəldilməsindən, tələbələrin dəyərlər sisteminin formalaşmasında tərbiyə prosesinin başlıca funksiyasından, elmin inkişafında təhsillə tərbiyənin vəhdət təşkil etməsinin əhəmiyyətindən bəhs ediblər.
Konfrans 20 dekabr tarixində bölmə iclasları ilə davam edəcək.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB