Təhsil naziri: “Elmi araşdırmaların çərçivə standartları müəyyənləşdirilir” Açıqlama
"Təhsilsiz elm, elmsiz təhsil olmaz. Dövlət başçısının sərəncamı ilə də ölkəmizdə artıq insan kapitalına qoyulan sərmayələr artırılır". SİA-nın məlumatına görə, bu sözləri bu gün Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən Azərbaycan Alimlərinin I Qurultayında çıxışı zamanı təhsil naziri Mikayıl Cabbarov deyib. O bildirib ki, bu gün bizim qarşımızda duran ən mühüm məsələ elm və təhsilin inteqrasiyasına nail olmaq, onların qarşılıqlı əlaqəsini gücləndirməkdir: "Ali təhsil müəssisələrində aparılan elmi tədqiqatların prioritetlərinin müəyyənləşdirilməsi mühüm bir vəzifədir. Bu istiqamətdə zəruri tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Qarşıda duran digər bir zəruri vəzifə ali təhsil müəssisələrindəki elmi fəaliyyəti əlaqələndirən müvafiq şuranın yaradılmasıdır. Şuranın yaradılmasında məqsəd dünya səviyyəli elmi araşdırmaların çərçivə standartlarını müəyyənləşdirməkdir".
Nazir çıxışında ümumorta təhsil müəssisələrində yeni proqramların tətbiqindən də danışıb: "Kurikulum proqramlarının hazırlanmasında elmi yanaşmalardan geniş istifadə olunacaq, həmçinin ali təhsil müəssiələrində elmi tədqiqatların genişləndirilməsi üçün maliyyə resurslarının müəyyənləşdirilməsi ilə bağlı tədbirlər həyata keçiriləcəkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB