Akif Əlizadə: “AMEA-da magistratura təhsilinə start verilib” Açıqlama

Akif Əlizadə: “AMEA-da magistratura təhsilinə start verilib” Açıqlama

"Bu gün hiss olunur ki, təhsil proqramları müasir tələblərə tam cavab vermir. Bu cür proqramlar elmlə təhsil arasında əlaqələndirici körpü rolunu oynaya bilər". SİA-nın məlumatına görə, bu sözləri AMEA prezidenti Akif Əlizadə Azərbaycan Alimlərinin I Qurultayında çıxışı zamanı deyib. O, Azərbaycanda tələbələrin bilik səviyyəsinin artırılması üçün təhsilə yeni texnologiyaların daxil olunmasına böyük ehtiyac olduğunu ifadə edib: "Hesab edirik ki, tədris proqramlarında başlıca dəyişikliklər etmək üçün, ilkin olaraq müzakirələr təşkil edilməli, təkliflər irəli sürülməlidir. Müzakirələr potensial tələbələrin yaradıcılıq qabiliyyətlərini aşkarlamaq, innovasiyanın imkanlarını təhsildə tətbiq etmək və dərs proqramlarını qismən müasirləşdirmək məqsədi ilə aparılmalıdır".

Akademiyanın prezidenti ölkə rəhbərliyinin dəstəyi ilə Akademiyada artıq magistratura təhsilinin təşkilinə start verildiyini və elmi işlərdə təkrarçılığın aradan qaldırılması üçün addımlar atıldığını deyib: "Hesab edirəm ki, bu, ölkəmizdə elmlə təhsilin inteqrasiyası və konvergensiyası baxımından əhəmiyyətli addım olacaq. Ölkə rəhbərliyinin dəstəyi ilə AMEA-da magistratura təhsilinə start verilib. Üzərində dayanmaq istədiyim mühüm məqamlardan biri də elmin koordinasiyası məsələsidir. Azərbaycanda elmi fəaliyyət, əsasən, Milli Elmlər Akademiyasını, ali təhsil müəssisələrini, dövlət qurumlarının tərkibindəki elmi qurumları, qismən də özəl sektoru əhatə edir. Açıq etiraf edək ki, bu istiqamətdə vəziyyət o qədər də qənaətbəxş deyil. Qurultayda iştirak edən alimlərimizin əksəriyyəti müəyyən elm sahələrinə məsul olan şəxslərdir. Hamınıza yaxşı məlumdur ki, elmi araşdırmalardakı müəyyən təkrarçılıq, mövzuların qeyri-aktuallığı, dünya elmində gedən proseslərlə səsləşməyən problemlərin mövcudluğu elmi fəaliyyətdə rast gəlinən reallıqlardır".

Akif Əlizadə qeyd edib ki, ölkəmizdə elmi əlaqələndirmələrdə müəyyən problemlər var. Azərbaycan Milli Elmlər Akademiyası bu çətinliklərin aradan qaldırılması üçün müəyyən təsir mexanizmini tətbiq edə bilmir: "Elə buna görə də biz Azərbaycan Respublikasının Prezidenti yanında Elm və Texnologiya üzrə Ali Şuranın yaradılması məsələsinə baxılması təklifi ilə çıxış etmək istərdik. Bu Şuranın qərarı Respublikanın bütün elmi təşkilatları üçün icbari xarakter daşımalıdır. Bizə belə gəlir ki, Şuranın tərkibində akademik institutların, təhsil universitetlərinin, biznesin, patent idarəsinin və əlbəttə ki, gənc alimlərin nümayəndələri olmalıdır. Azərbaycan Milli Elmlər Akademiyası qarşısında duran mühüm vəzifələrdən biri də AMEA bölmələrinə və elmi şuralarına daha çox təşkilati sərbəstlik verməklə onların rolu və məsuliyyətinin artırılmasıdır. Düşünürəm ki, artıq ən yaxın perspektivdə fundamental tədqiqatların əlaqələndirilməsinin ağırlıq mərkəzinin AMEA bölmələrinə keçirilməsinin vaxtı çatmışdır. Akademik müəssisələrarası elmi əlaqələndirmə şuralarının müxtəlif yönlərdə işini fəallaşdırmaq və dünya səviyyəsi ilə müqayisədə Azərbaycan elmindəki işlərin vəziyyətinin təhlili ilə elmi şura və bölmələrin Rəyasət Heyətində hesabat verməsini həyata keçirmək vəzifəsi də qarşıda dayanır. Düşünürəm ki, bu məsul işdə şəffaflığı təmin etmək olduqca vacibdir. AMEA Rəyasət Heyətinin nazirliklərin kollegiyaları ilə birgə iclaslar keçirməyi və bu iclaslar çərçivəsində elmi məruzələrə müvafiq nazirlik və idarələrin rəhbərlərini dəvət etməyi də praktikaya tətbiq etmək zəruridir".

Bütün xəbərlər Facebook səhifəmizdə