Bu gün Azərbaycan Dillər Universitetində (ADU) universitetin Sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlunun 75 illik yubileyi qeyd olunub. ADU-dan SİA-ya verilən xəbərə görə, yubiley mərasimində ilk öncə professor Məhəmməd Teymurlunun həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.
ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov hər bir ali təhsil müəssisəsinin peşəkar insanları ilə tanındığını dedi, Məhəmməd Teymurlunun Azərbaycanı ən yüksək səviyyədə dünyaya tanıdan şəxsiyyət olduğunu bildirdi. Məhəmməd Teymurlunun fəlsəfə ilə məşğul olan şəxs kimi dərin düşüncəyə sahib olduğunu və çətinliklərə cəsarətlə sinə gərdiyini qeyd etdi. M. Teymurlunun vətəndaş kimi Azərbaycan, millət və xalq üçün özünü qurban verməyə hazır olduğunu deyən rektor Səməd Seyidov səbəbkarın alim, müəllim kimi də böyük xidmətlərinin olduğunu vurğuladı. Səməd Seyidov yubilyara növbəti uzun illərdə əlində Azərbaycan bayrağı, düzgün fikirlərlə xalqın mənafeyi uğrunda çıxışlar etməsini arzuladı və universitet adından M. Teymurluya hədiyyə təqdim etdi.
Sosial elmlər kafedrasının müdiri, dosent Ədalət Abdiyeva, şair, oftalmoloq Paşa Qəlbinur, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov səbəbkar haqqında xoş sözlərini söyləyərək M. Teymurlu ilə bağlı xoş xatirələrini danışdılar.
Məhəmməd Teymurlunu təbrik edərək arzularını bildirən Milli Dədə Qorqud fondunun Prezidenti, "Azərbaycan dünyası" jurnalının baş redaktoru Eldar İsmayılov səbəbkarı Milli Dədə Qorqud fondunun təsis etdiyi "Qızıl ürək" ordeni, "İctimai fikir" jurnalının baş redaktoru Nəzakət Ələkbərzadə və "Aytən" Uşaqların və gənclərin Mədəni-maarif Siyasi-ictimai Birliyinin sədri Aygün Zamanlı isə təmsil etdikləri müəssisənin diplomları ilə təltif ediblər.
ADU-nun "Dalğa" rəqs ansamblının ifasında "Şalı-şalı" və "Leyla" rəqslərini nümayiş etdirib. Pedaqoji (ingilis dili-fransız dili) fakültənin tələbələri Çoşqun Dadaşov skripkada və Ülkər Qurbanova pianinoda "Sən ey uşaqlıq..." musiqisini ifa ediblər. Pedaqoji (ingilis dili-fransız dili) fakültənin tələbələri Ülkər Qurbanova "Əyri-köndələn Bakı" musiqisini pianinoda ifa edib, Fatimə Şirəliyeva "Şən Azərbaycan" mahnısını oxuyub. Sosial elmlər kafedrasının müəllimi Şəfəq Abdullayeva, Pedaqoji (ingilis dili-fransız dili) fakültənin tələbələri Nərgiz Məmmədova və Röya Məmmədova Məhəmməd Teymurluya həsr olunan şeirləri söyləyiblər. Röya Məmmədova, həmçinin yubilyarın öz qələmindən çıxmış qızına həsr etdiyi "Körpəm" şeiri ilə çıxış edib.
Məhəmməd Teymurlunun insanlarla ünsiyyəti zamanı söhbətə şirinlik və maraq qatmaq üçün etdiyi yumorlar haqqında danışıldıqdan sonra Filologiya və Jurnalistika fakültəsinin tələbəsi Nicat Bayramov səbəbkarın yumorlarından nümunələr göstərib.
Daha sonra Məhəmməd Teymurlunun ünvanına xoş sözlər, təbriklər söylənilib.
Sonda bu gün 75 yaşını qeyd edən professor Məhəmməd Teymurlu bu günü xoş bir yuxuya bənzədib. O, başda ADU-nun rektoru, professor Səməd Seyidov olmaqla, tədbirin təşkilində əməyi keçmiş hər kəsə öz təşəkkürünü bildirib.
Qeyd edək ki, Həsən bəy Zərdabi nəslindən olan Məhəmməd Əbdüləziz oğlu Teymurlu 1939-cü ildə Zərdab rayonunun Məlikli kəndində anadan olub. Orta məktəbi və Göyçay Pedaqoji texnikumunu bitirib kənddə sinif müəllimi işləyib.
1965-ci ildə indiki Slavyan Universitetinin əyani şöbəsinə daxil olub. 1971-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə bitirərək müəllim kimi əmək fəaliyyətinə başlayıb. O, müəllimlik etməklə yanaşı, həm də çoxtirajlı "Bilik" qəzetində ədəbi işçi, redaktor müavini, ictimai elmlər kabinetinin müdiri vəzifələrində də çalışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB