Naxçıvanda beynəlxalq elmi konfrans keçirilib

Naxçıvanda beynəlxalq elmi konfrans keçirilib

Naxçıvan Dövlət Universitetində "Tədris prosesinin təkmilləşdirilməsi və müasir təhsil konsepsiyaları" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. SİA-nın xəbərinə görə, konfrans Təhsil Nazirliyi, Təhsil Problemləri İnstitutu və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxışında Naxçıvanda təhsilin inkişafı istiqamətində görülən tədbirlər haqqında danışıb. O bildirib ki, "Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı" bu sahədə işləri sürətləndirib: "Muxtar Respublikada elektron təhsilin tətbiqi, təhsil müssisələrində virtual tədris mühitinin formalaşdırılması, tədrisin əyaniliyi və səmərəliliyinin artırılması məqsədilə Ali Məclis sədrinin imzaladığı "Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı mövzuların tədrisi prosesində muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələrin genişlənməsinə zəmin yaradıb. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasında Bilik Fondu yaradılıb, həmçinin, elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə mükafatlar təsis edilib".

Konfransda Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov "Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası və təhsil sisteminin qarşısında duran vəzifələr" mövzusunda məruzə ilə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu təhsil strategiyasının uğurlu davamından, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş Dövlət Strategiyasının təhsilin tərəqqisinə verəcəyi töhfələrdən söhbət açıb. Nazir müavini qeyd edib ki, milli təhsilin insan kapitalına olan təlabatı ödəyəcək və dünya standartlarına cavab verəcək səviyyəyə çatdırılması istiqamətində görülən işlər, Heydər Əliyev Fondu tərəfindən çoxsaylı müasir məktəbəqədər tərbiyə müəssisələri və orta məktəblərin tikilib istifadəyə verilməsi mühüm əhəmiyyətə malikdir.

Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov "Bolonya prosesi: Naxçıvan Dövlət Universiteti qarşısında duran vəzifələr" mövzusuna toxunuaraq Boloniya sisteminin Naxçıvanda uğurla tətbiq olunduğunu vurğulayıb: "Universitet Bolonya sisteminin tam tətbiqi, tədrisin kredit sisteminə uyğun qurulması, müəllim-tələbə mobilliyi, elektron təhsil şəbəkəsinin yaradılması istiqamətində işlər aparmaqla yanaşı, Muxtar Respublikada fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrinin də Bolonya sisteminə keçməsinə dəstək göstərir".

Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov "Təhsildə yeni hədəflərə yol – müasir məktəb və innovativ müəllim" mövzusundakı nitqində ölkəmizdə təhsil sahəsində aparılan islahatların qarşıya qoyduğu prioritet vəzifələrdən, tədris prosesində, pedaqoji kadr hazırlığında məzmun dəyişikliyi, ənənəvi metodlardan müasir tədris üsullarına keçid, beynəlxalq təcrübənin mənimsənilməsi və tətbiqinin əhəmiyyəti barədə məlumat verib.

İki günlük beynəlxalq elmi konfrans çərçivəsində 8 bölmə iclası keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə