Uşaq ədəbiyyatı müasir formatda yaradılacaq

Uşaq ədəbiyyatı müasir formatda yaradılacaq

"Bu gün uşaq ədəbiyyatına marağın olmaması ilə razılaşmıram. Biz müasir dövrdə yazılan istər dünya, istər yerli uşaq ədəbiyyatına nəzər salsaq görərik ki, tirajlarla nəşr olunub satılan, hətta filmlər şəklində ekranlara çıxan uşaq əsərlərinin sayı daha da artır". SİA-nın verdiyi xəbərə görə, bunu Təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib.

Nazir vurğulayıb ki, Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatının tərkib hissəsi olaraq bu mövzuda həyata keçirilən heç bir prosesdən kənarda qalmır: "Qeyd etmək lazımdır ki, məzmunun yaradılması təhsil işçiləri tərəfindən həyata keçirilə biməz. Biz nə müəllimdən, nə məktəb direktorundan, nə də nazirlikdən dünya səviyyəli yeni uşaq ədəbiyyatı yaratmalarını tələb edə bilmərik. Xalqımızın gözəl şairləri, yazıçıları olub və bu gün də çox xoşbəxt xalqıq ki, belə yazıçı və mütəxəssislərimiz çox saydadır. Amma bu gün rəqabətli prinsiplər əsasında uşaq ədəbiyyatının yeni məzmunlarının, ənənəvi hekayələrimizin və nağıllarımızın müasir formatda məzmunun yaradılmasında böyük ehtiyacımız var. Bunun üçün artıq həm Yazıçılar Birliyinə, həm müvafiq yazıçılara müraciət etmişik. Təhsil Nazirliyi tərəfindən bu işlərin bütün təşkilati məsələləri - nəşirlərin uşaq kitabxanalarına, elektron resurslara yerləşdirilməsi həyata keçiriləcək. Ona görə də demək olar ki. bu gün keçirilən tədbir rəmzi məna daşıyır. Şahidi olduq ki, artıq bir çox məktəblərdə mütaliə klubları yaradılır. Bu prosesə öz töhfəsini verəcək. Təbii ki, məzmunlar yaradıldıqdan sonra onları müvafiq tədris proqramlarında istifadə etmək niyyətindəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə