Bu gün Bakıda Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə "Təhsildə mənəvi-əxlaqi dəyərlər: harmonik şəxsiyyətin formalaşması" mövzusunda beynəlxalq elmi konfrans işinə başlayıb. SİA-nın verdiyi xəbərə görə, konfransda Rusiya, Gürcüstan, Qazaxıstan və Latviyanın pedaqogika sahəsinin tanınmış alimləri iştirak edir.
Tədbiri açıq elan edən Təhsil nazirinin müavini Firudun Qurbanov bildirib ki, konfransın əsas məqsədi təhsilalanların mənəvi-əxlaqi inkişafı və şəxsiyyət kimi formalaşması sahəsində müasir tendensiyalar, mövcud qabaqcıl təcrübə mübadiləsi və onun Azerbaycan təhsilinə inteqrasiyasından ibarətdir.
O, eyni zamanda Azərbaycan təhsilinin sovet dövründə mövcud olan ideoloji mühitdən ayrılaraq dünya standartlarında öz əksini tapan təhsil sisteminə yiyələndiyini və bu zaman insan amilinin, yüksək mənəvi-əxlaqi dəyərlərin ön plana çəkildiyini qeyd edib.
Nazir müavini Azərbaycan təhsilində çox vaxt məktəb direktorlarının yalnız tədrisdən söhbət apardıqlarını, tərbiyə məsələsinə isə diqqət etmədiklərini vurğulayıb: "Məktəb direktorları bütün bunlara xüsusi diqqət yetirilməlidir. Biz bu gün nəinki bilikli, eləcə də mənəvi cəhətdən saf və tərbiyəli vətəndaş yetişdirməliyik. Eyni zamanda sağlamlıqları zəif olan uşaqlara diqqət edilməlidir. Bu baxımdan ölkəmizin qarşısında mühüm vəzifələr durur".
Beynəlxalq konfransda çıxışı zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Azərbaycanda insan faktorunun çox önəmli olduğunu deyib: "Cəmiyyətin mənəvi tərbiyəsi ailədən başlayır, məktəbdə davam edir və cəmiyyətdə öz təzahürünü tapır. Yeni nəsil elə bir səviyyədə yetişməlidir ki, yaşlı nəslin qurub-yaratdıqlarını qoruyub saxlaya bilsin. Bu gün cəmiyyətdə psixoloji gərginliyin hökm sürməsi də xüsusi nəzərətə alınmalıdır. Gender bərabərliyindən, cəmiyyəti idarə edən kişi-qadın münasibətlərindən, onların hüquqlarından danışırıqsa, təhsil prosesində uşaqlara şəxsiyyət yönümlü-humanist yanaşma çox önəmlidir. Bu mövzu tək Azərbaycanı deyil, eləcə də bütün dünyanı düşündürən bir məsələdir".
Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov Azərbaycanda təhsilə verilən yüksək dəyərdən danışıb: " "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında təhsil starategiyası da öz əksini tapıb. Ölkəmizdə təhsilin maddi bazası genişləndirilib, keyfiyyətinin yüksəldilməsi üçün hərtərəfli şərait yaradılıb. Bu gün Azərbaycan təhsilinin inkişafı onu göstərir ki, gələcək nəsillər daha savadlı, mənəvi-əxlaqi dəyərlərə önəm verən, ölkənin tərəqqisində önəmli rola malik olacaqlar. Keçirdiyimiz bu konfrans da təhsil strategiyasının davam etdirilməsinə öz töhfəsini verəcək".
Konfransda həmçinin, Azərbaycanın müxtəlif ali təhsil müəssisələri, dövlət qurumları, o cümlədən Təhsil Nazirliyi, Milli Məclis, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak edirlər.
Konfrans seksiyalarla davam etdirilir.
Qeyd edək ki, "Təhsildə mənəvi-əxlaqi dəyərlər: harmonik şəxsiyyətin formalaşması" mövzusuna həsr olunmuş beynəlxalq elmi konfrans sabah da davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB