Mikayıl Cabbarov: “Elmi Koordinasiya Şurası yaradılacaq” Açıqlama

Mikayıl Cabbarov: “Elmi Koordinasiya Şurası yaradılacaq” Açıqlama

"İnformasiya texnologiyalarının təhsildə istifadəsi üçün təhsil sistemində buna uyğunlaşma olmalıdır. Təhsil sahəsində ölkə prezidentinin tapşırığı ilə müasir texnologiyalardan istifadəyə xüsusi önəm verilir". SİA-nın məlumatına görə, bunu bu gün "Elektron dövlət quruculuğu problemləri" mövzusunda I Respublika elmi –praktiki konfransı zamanı təhsil naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, artıq məktəblərdə elektron xidmətlərdən geniş istifadə olunur: "Bu gün 1365 təhsil müəssisəsi sürətli rabitədən istifadə edir. Təhsil Nazirliyi tərəfindən buna xüsusi diqqət yetirilir. 12 mindən çox müəllimə İKT sahəsində təlimlər keçirilib. Yaxın günlərdə müasir təhsildə elektron dərsliklə bağlı portal istifadəyə veriləcək. Gələn ilin sonuna kimi 5 dərslik daha portala yerləşdiriləcək. 65 video –dərsin yerləşdirilməsi planlaşdırılır. Təhsil sisteminin həcmi nəzərə alınaraq, şagirdlərə düşən kompüterlərin sayı nəzarətdə saxlanılır".

Təhsildə problemlərdən də danışan nazir kompüter və şəbəkələrin yenilənməsi ilə bağlı işlərin görülməsinin vacibliyini ifadə edib: "Genişlənən şəbəkə və kompüterlərin yenilənməsi məsələsi, təhsil sisteminə yük olaraq görülməkdədir. Rabitə ölkəni tam təmin edərsə, bunu təhsilə tətbiq etmək daha da asanlaşacaq. Təhsil Nazirliyində 5 elektron xidmət fəaliyyət göstərir. Bunlardan birincisi müəllimlərlə bağlıdır. İkinci xidmət xaricdə təhsillə, üçüncüsü məktəb şagirdlərinin yoxlanılması ilə, 4-cü xaricdə təhsil alan tələbələrin müşahidə olunması ilə, 5-ci isə uşaqların məktəbə qəbulu ilə bağlı online müraciət xidmətləridir".

Təhsil Nazirliyində yaradılacaq yeni şura haqqında məlumat verən təhsil naziri, şuranın fəaliyyət istiqamətlərindən danışıb: "Yaxın zamanlarda Təhsil Nazirliyində Elmi Koordinasiya Şurası yaradılacaq. Bu şura ali təhsilin beynəlxalq səviyyəyə çatdırılması ilə bağlıdır. Bundan başqa, elmi jurnalların çap edilməsi üçün indeksləşdirmə işləri gerçəkləşdiriləcək. Bu istiqamətdə işlər sürətləndiriləcək. Elmin isiqamətlərinin prioritetlərinin müəyyənləşdirilməsi üçün bu vacib məsələdir. İnteqrasiyanın həyata keçirilməsi ilə bağlı yeni müəllimlərin hazırlıq işləri görüləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə