Media nümayəndələri internat məktəblərində olublar

Media nümayəndələri internat məktəblərində olublar

Bu gün Təhsil Nazirliyinin təşəbbüsü ilə mədəniyyət xadimləri, uşaq qeyri-hökumət təşkilatlarının təmsilçiləri və jurnalistlər 11 saylı inteqrasiya təlimli və 8 nömrəli sanatoriya tipli internat məktəblərinə səfər ediblər. SİA-nın verdiyi xəbərə görə, səfərin təşkilində məqsəd internat məktəbləri ilə daha yaxından tanış olmağa, burada təhsil alan və yaşayan uşaqlarla yaxından təmas qurmağa şərait yaratmaqdan ibarətdir.

Beynəlxalq Əlillər Gününə təsadüf edən səfər zamanı qonaqlar əvvəlcə 8 nömrəli sanatoriya tipli internat məktəbində olublar. Qonaqlar burada təlim və tədris üçün yaradılmış şərait, uşaqların təhsil alma metodikası, onların asudə vaxtlarının təşkili üçün nəzərdə tutulmuş otaqlarla tanış olublar.

Məktəbin direktoru Nizaməddin Məmmədov məzun olan uşaqların bəzilərinin ali təhsil aldıqdan sonra elə bu məktbdə çalışdıqlarını deyib: " Məktəbimiz 1962-dən fəaliyyət göstərir. Burada 291 nəfər təhsil alır ki, onların da 190 nəfəri burada gecələyirlər. Gecəni burda qalan uşqların 51 nəfəri qız, 139 nəfəri oğlandır. 15 tədris sinifində, 58 müəllim dərs deyir. Onların yarısı tərbiyəçi, yarısı isə dərs deyən müəllimlərdir. Məktəbdə uşaqların bacarıq və qabiliyyətlərini inkişaf etdirmək üçün bacarıqlı əllər, idman, rəsim və digər müxtəlif dərnəklər fəaliyyət göstərir. Ali təhsil alaraq məktəbə qayıdıb müəllim işləyənlərimiz var. Ötən tədris ilində iki nəfər şagirdimiz orta ixtisas məktəbinə daxil olub".

8 nömrəli sanatoriya tipli internat məktəbdə təhsil alan uşaqların vərəm dispanserindən göndərildiyini deyən məktəb direktoru onların mütəmadi olaraq müayinə olunduqlarını vurğulayıb: "Vərəmin ilkin və sönmüş forması diaqnozu olan bu uşaqlar hər il iki dəfə həkim müayinəsindən keçirlər. Oktyabr ayında dərinləşdirilmiş medasmotordan, aprel ayında isə fluoqrafiyadan keçərək müayinə olunurlar. Nəticələrdən asılı olaraq hər bir şagirdə fərdi yanaşılır. Lazimi tədbirlər görülür və çatışmazlıqlar aradan qaldırılır. Uşaqların qida rasionuna da xüsusi diqqət yetirlir".

Daha sonra 11 saylı inteqrasiya təlimli internat məktəbində təhsil alan uşaqlarla görüş olub. Qonaqlar burada da təhsil alan uşaqlar üçün yaradılan şəraitlə yaxından tanış olublar. Həmçinin, məktəbində yeni təmir olunaraq istifadəyə verilmiş yaradıcılıq sinfinin açılış mərasimində iştirak ediblər. Açılış zamanı şagirdlər kiçik musiqi proqramı ilə çıxış edərək öz bacarıqlarını nümayiş etdriblər.

Direktor Gülnarə Abdullayeva 11 saylı inteqrasiya təlimli internat məktəbində təhsil alan uşaqların cəmiyyətə inteqrasiya olması üçün hər bir şəraitin yaradıldığını bildirib: "Məktəbimizdə ümumilikdə 1031 uşaq təhsil alır. Onlardan 208 nəfəri xüsusi qayğıya ehtiyacı olduğu üçün elə bu müəssisədə qalırlar. Günərzi qayğı mərkəzində də 3-6 yaş aralığında olan 100 uşaq təhsil alır. Bu şagirdlər arasında olduqca böyük istedada malik uşaqlar var. Onlar ətraf qəsəbələrdən gələn uşaqlarla daim ünsiyyətdə olurlar. Bu da onların cəmiyyətə inteqrasiya olmalarında vacib addımlardan biridir. Buna baxmayaraq bu uşaqlar xüsusi təhsildə oxuduqları üçün məktəbi bitirdikdən sonra ağ atestat alırlar və təhsillərini orta-ixtisas və ya ali məktəblərdə davam etdirə bilmirlər. Amma bu bacarıqlı uşaqlar İncəsənət Akademiyasında, Rəssamlıq Akademiyasının nəzdində fəaliyyət göstərən Art collecdə sərbəst təhsil almağa qadirdilər. Mən yaradılmış şəraitdən istifadə edərək cənab nazir Mikayıl Cabbarova müraciət edərək bu fikiri nəzərə almasını xahiş edirəm".

Təhsil Nazirliyinin informasiya şöbəsinin müdir müavini Cəsarət Valehov bundan sonra da internat məktəblərinə davamlı media turların təşkil olunacağını qeyd edib: "Səfərlər zamanı bu müəssisələrə təhsil alan uşaqların uğurlarına şahidlik edəcəyik. Həmçinin, yaranmış müəyyən problemlərə də birgə baxacağıq. Bəzən cəmiyyətdə belə fikir yaranır ki, bu məktəblərdə təhsil alanlar izolasiya olunublar. Amma burada şahidi olduq ki, bu heç də belə deyil. Onların müsabiqələrdə iştirak edərək layiqli yerlər qazanması onu sübut edir ki, onlar daim cəmiyyətlə təmasdadırlar. Onu da deyim ki, gələn 11 saylı inteqrasiya təlimli internat məktəbi əsaslı təmir ediləcək. Bu məktəb 2005-ci ildə təmir olunmuşdu. Aradan 10 il keçməsinə baxmayaraq şərait qənaətbəxşdir. Amma daha müasir standartlara cavab verməsi üçün yenidən təmir ediləcək".

Sonda 11 saylı inteqrasiya təlimli internat məktəbinin şagirdləri ilə birlikdə nahar edilib.

Qeyd edək ki, son beş ildə uşaq evləri və internat məktəblərindən 3703 nəfər məzun olub. Onlaradan 214 nəfər ali təhsil, 152 nəfər orta təhsil, 482 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə