ADU-da “Ənənəvi Çin çay mərasimi” keçirilib FOTO

ADU-da “Ənənəvi Çin çay mərasimi” keçirilib FOTO

Noyabrın 28-də Azərbaycan Dillər Universitetində "Ənənəvi Çin çay mərasimi" adlı ədəbi-bədii tədbir keçirilib. Universitetdən SİA-ya verilən xəbərə görə, ADU-nun Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbir "Beynəlxalq çay günü"nə həsr olundu.

Açılış nitqi ilə çıxış edən Çin dili və mədəniyyəti mərkəzinin direktoru, dosent Rafiq Abbasov bayramın tarixi haqqında danışdı. O, Azərbaycanda çayçılığın inkişafından söz açaraq respublikanın iqtisadiyatında kənd təsərrüfatı sektorundakı islahatlarda Ümummilli Lider Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayıb.

Tədbirdə çıxış edən Miniatür kitab muzeyinin direktoru, Azərbaycan "Kitab" Cəmiyyətinin İdarə Heyətinin sədri, Azərbaycanın mədəniyyət xadimi Zərifə Salahova Çinə etdiyi səfərlərdən, ölkənin ictimai-siyasi xadimləri ilə görüşlərdən, Çin xalqının qonaqpərvərliyi haqqında xatirələrini iştirakçılarla paylaşdı. Zərifə Salahova Çin dilində miniatür kitab kolleksiyasını mərkəzə hədiyyə edib.

"Azersun Holding" Çay Məhsul Qrupunun müşaviri Sədaqət Yusifov öz növbəsində Azərbaycanda çay istehsalı hazırkı vəziyyəti və perspektivləri barədə məlumat verib.

Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin tələbələri Azərbaycan və Çin çayiçmə ənənələri, çay hazırlama üsulları, çay ilə bağlı Çin əfsanələri, Azərbaycan və Çin çay növlərinin xüsusiyyətləri haqqında danışıblar.

Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin Lənkəranda çay fabrikinin açılış mərasimində iştirakından video görüntülər, Azərbaycan və Çin çay mədəniyyəti haqqında sənədli film nümayiş olunub.

Tədbirin sonunda iştirakçılar ənənəvi çaydanlar, fincan və digər aksessuarlardan istifadə edərək nümayiş olunan Çin çay mərasimini izlədilər və müxtəlif növ Çin çayının dadı və ətri ilə tanış olublar.

Prezident İlham Əliyevin 2003-2013-cü illərdə Azərbaycan-Çin münasibətlərinin inkişafında verdiyi tövfələrdən bəhs edən "İlham Əliyev - qədim xalqların dostluğunun müasir davamçısı" adlı kitab qonaqlara hədiyyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə