Latviyanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində

Latviyanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində

Latviyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hardis Baumanisi Bakı Ali Neft Məktəbində olub. SİA-ya verilən məlumata görə, səfiri salamlayan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov ona rəhbərlik etdiyi ali təhsil ocağı haqda ətraflı məlumat verib. Ali Məktəbin yaranma tarixi, fəaliyyət strategiyası və istiqamətləri haqqında danışan rektor, BANM-ın üstünlüklərindən söz açıb. Həmçinin məktəbin beynəlxalq əlaqələrindən, əməkdaşlıq etdiyi dünya universitetlərindən və həmin ali təhsil müəssisələri ilə BANM arasında ikili diplomların tanınması istiqamətində əməkdaşlıqdandan danışıb.

Elmar Qasımov həmçinin BANM-ın Böyük Britaniyanın Heriot-Vatt Universiteti, Norveç, Fransa, həmçinin Avropanın bir sıra universitetləri, o cümlədən müxtəlif beynəlxalq neft-qaz şirkətləri ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb.

BANM-a ən yüksək göstəricilərlə tələbələrin qəbul olunduğunu deyən rektor, hazırda Ali Məktəbin tikilməkdə olan və ən müasir tələblərə cavab verən kampusunun növbəti təhsil ilində istifadəyə veriləcəyini bildirib. O, bu kampusun Qafqaz regionunda ən böyük kampus olacağını qonağın nəzərinə çatdırıb. Rektor Elmar Qasımov müasir dövrdə dünyada ən çox ehtiyac duyulan mühəndislik ixtisasının vacibliyini bildirib və ölkəmizdə kadr tələbatını ödəmək üçün bu sahəyə diqqət ayrıldığını sözlərinə əlavə edib. Bu baxımdan o, Latviya ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Latviyanın Azərbaycandakı səfiri Hardis Baumanisi BANM-də olmaqdan məmnunluğunu bildirib. Azərbaycanda hazırda riyaziyyat və fizika sahələri üzrə yüksək ixtisaslı mütəxəssislərin olduğunu deyən səfir Latviya universitetləri ilə BANM arasında gələcək mümkün əməkdaşlıq perspektivlərindən söz açıb.

Görüşdə, həmçinin BANM ilə Latviya universitetləri arasında əlaqələrin qurulması, tələbə mübadiləsi, gələcək əməkdaşlığın inkişafı, qarşılıqlı səfərlərin təşkili istiqamətində fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, görüşdən sonra rektor Elmar Qasımov qonağı BANM-ın tikilməkdə olan yeni kampusunun maketi ilə tanış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə