Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Norveçin Roqaland Təlim və Təhsil Mərkəzi Fondu arasında "Azərbaycanda Peşə Təhsili və Təliminin İnkişafı və Gücləndirilməsi" haqqında Əməkdaşlıq Memorandumunun imzalanması mərasimi keçirilib.
SİA-nın Təhsil Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, memorandumu təhsil naziri Mikayıl Cabbarov və Roqaland Təlim və Təhsil Mərkəzi Fondunun icraçı direktoru Kent Terje İngebretsen imzalayıblar.
Nazirlikdən bildirilib ki, memorandumun imzalanmasının əsas məqsədi Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş milli strategiyalar əsasında Azərbaycanda peşə təhsili və təlimi (PTT) sisteminin inkişafına töhfə vermək, müasir peşə təhsili və təlimi sisteminin tələblərinə uyğun olaraq məzmunun, eləcə də metodikanın, infrastrukturun yaradılmasına kömək göstərməkdən ibarətdir.
Həmçinin vurğulanıb ki, peşə təlimi üzrə işləyən müəllim və rəhbər heyətin bacarıqlarının artırılması, peşə təhsili və təliminin məzmununun yenilənməsi, kurikulumların hazırlanması və təkmilləşdirilməsi "Azərbaycanda Peşə Təhsili və Təliminin İnkişafı və Gücləndirilməsi" layihəsinin başlıca prioritet istiqamətləridir. Layihə çərçivəsində müvafiq qurumlar, ilk peşə-ixtisas təhsili və sənaye müəssisələri arasında əməkdaşlığın inkişaf etdirilməsi, işəgötürənlərlə PTT müəssisələri arasında əlaqələrin gücləndirilməsini təmin edən qanunvericiliyin yaradılması üçün silsilə tədbirlər də həyata keçiriləcək.
Qeyd olunub ki, Roqaland Təlim və Təhsil Mərkəzinə Azərbaycanda PTT sisteminin inkişaf etdirilməsi və gücləndirilməsi məqsədilə Norveç Xarici İşlər Nazirliyi tərəfindən 15,9 milyon Norveç kronu məbləğində qrant ayrılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB