TQDK-da musiqi sənəti ixtisasları üzrə elmi-metodiki seminar keçirilib

TQDK-da musiqi sənəti ixtisasları üzrə elmi-metodiki seminar keçirilib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarına hazırlıq işləri çərçivəsində xüsusi qabiliyyət tələb edən musiqi sənəti istiqamətli ixtisaslar üzrə seminarlar keçirilib.

SİA-nın TQDK-ya istinadən verdiyi xəbərə görə, seminarlarda qabiliyyət imtahanları üzrə sektorun əməkdaşları, BMA-nın, ADMİU-nun, AMK-nın, ADPU-nun professor-müəllim heyətinin nümayəndələri iştirak ediblər. Həmçinin seminarlar zamanı BMA-nın və NDU-nun "Solo oxuma", ADMİU-nun və AMK-nın "Solo oxuma (xanəndəlik)", AMK-nın "Solo oxuma (milli vokal)", ADMİU-nun "Estarada sənəti", ADMİU-nun "İnstrumental ifaçılıq", ADPU-nun "Musiqi müəllimliyi", ADMİU-nun və NDU-nun "Xalq çalğı alətləri ifaçılığı" ixtisasları üzrə musiqi nəzəriyyəsi və solfecio fənnindən müzakirələr aparılıb və vahid proqram qəbul edilib. Bu ixtisaslar üzrə ixtisas imtahanlarının proqramları keçən tədris ilində olduğu kimi saxlanılıb.

Seminarlarda qeyd olunub ki, bəzi ixtisaslara əlavələr olub. Belə ki, ADMİU-nun "Xalq çalğı alətləri ifaçılığı" ixtisasının alətləri sırasına saz aləti, ADMİU-nun "İnstrumental ifaçılıq" ixtisasının alətləri sırasına bir neçə yeni alət daxil edilib. Artıq həmin alətlər üzrə ixtisas imtahanının proqramları da tərtib edilib.

TQDK-dan bildirilib ki, ADMİU-nun "Xalq çalğı alətləri ifaçılığı", "Solo oxuma", "Solo oxuma (milli vokal)", "Solo oxuma (xanəndə)", "Estrada sənəti", "Musiqi müəllimliyi" ixtisasları üzrə qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları və metodiki tövsiyələri "Abituriyent" jurnalının xüsusi buraxılışı olan "Musiqi sənəti" adlı tədris metodiki vəsaitdə nəşr ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə