Azərbaycan Dillər Universitetində universitetin Böyük Britaniyanın Pearson şirkəti ilə anlaşma memorandumuna əsasən həyata keçirilən EDI (Education Development International) Cert TEFL ("İngilis dilini xarici dil kimi tədris edən müəllimlərin Beynəlxalq müəllimlik sertifikatı") adlı layihənin təqdimat mərasimi keçirilib.
SİA-nın verdiyi xəbərə görə, təqdimatı giriş sözü ilə açan universitetin Elmi işlər üzrə prorektoru Dünyamin Yunusov Pearson şirkətinin tarixi haqqında danışıb. O bildirib ki, şirkətin 80 ölkədə 40 min işçisi var. İngilis dili müəllimləri və ya gələcəkdə müəllim olmaq istəyənlər üçün faydalıdır və 100-dən artıq ölkədə yüksək maaşla çalışma imkanı yaradır.
Mərasimdə iştirak edən təhsil nazirinin müavini Ceyhun Bayramov təqdimatı keçirilən layihənin azərbaycanlı müəllim və tələbələr üçün yeni imkanlar açacağını diqqətə çatdırıb: "Azərbaycan dünya təhsil sitemində öz yerini möhkəmlətmək, insan kapitalının yüksək inkişafını təmin etmək üçün qarşısına məqsədlər qoyub və onları uğurla həyata keçirməkdədir. Azərbaycanda Pearson şirkətinin ofisinin açılması İngilis dilinin öyrənilməsi, iş imkanlarının əldə edilməsi baxımından faydalıdır və biz bu şirkətlə əməkdaşlıq etdiyimiz üçün şadıq. Şirkətin Oksbric Təhsil Xidmətinin adı da dünyanın nüfuzli universitetləri olan Oxford və Cambridge universitetlərinin adının birləşməsindən yaranıb. EDI Cert TEFL layihəsi ilə də Azərbaycan tələbələri bu cür nüfuzlu universitetlərdə təhsil almaq imkanı əldə edəcəklər. Həmçinin daha yüksək kadrların yetişdirilməsinə də öz töhfəsini verəcək".
Oksbric Təhsil Xidmətinin direktoru Cin Florey Pearson şirkəti haqqında ətraflı məlumat verərək tələbələrə gələcəkdə bilik və bacarıqlarını inkişaf etdirməkdə yardımçı olmağa hazır olduqlarını bildirib.
Azərbaycan Dillər Universitetinin Dil xidmətləri mərkəzinin direktoru Günel Məmmədova və Oksbric Təhsil Xidmətinin təhsil üzrə direktoru Tayson Lemons EDI Cert TEFL layihəsinin təqdimatını edərək layihə haqqında geniş məlumat verən videoçarx nümayiş etdiriblər.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB