Fransada səfərdə olan Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov bu ölkənin milli təhsil, ali təhsil və tədqiqatlar naziri Najat Vallo-Belkasemla görüşüb. Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə ölkələr arasında təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
M. Cabbarov bildirib ki, hazırda Fransa-Azərbaycan əlaqələri, o cümlədən iki ölkənin təhsil qurumları arasındakı münasibətlər səmərəli şəkildə inkişaf edir. Prezident İlham Əliyevin Parisə, Fransa prezidenti Fransua Ollandın Bakıya səfərlərini xatırladan nazir qeyd edib ki, onun səfəri dövlət başçılarının tövsiyələrinə uyğun həyata keçirilib. Onun sözlərinə görə, məqsəd təhsil sahəsindəki əməkdaşlığımızın inkişafına töhfələr verməkdir.
N. Vallo-Belkasem isə təhsil sahəsindəki əməkdaşlığın artıq konkret nəticələr verdiyini bildirib. Fransalı nazir bir müddət əvvəl Azərbaycana səfərini xatırladaraq təhsil sahəsində əməkdaşlığı davam etdirmək istədiyini qeyd edib. O, azərbaycanlı tələbələrin Fransa universitetlərinə qəbuluna üstünlük veriləcəyini bildirib və ali təhsil sahəsində əlaqələrin səviyyəsini daha da yüksəltmək istədiyini deyib.
Sonda görüşün nəticələrinə dair protokol imzalanıb.
Həmin gün M. Cabbarov Parisdə və onun ətrafındakı ali məktəblərdə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən görüşdə nazir deyib ki, hər bir azərbaycanlı tələbə oxuduğu ali məktəbdə təmsil etdiyi ölkəni tanıtmalı, Azərbaycan həqiqətlərini yerli ictimaiyyətə çatdırmalıdır. Təhsil naziri xaricdə təhsil alan gənclərin qazandıqları uğurların Azərbaycanın uğurları kimi qiymətləndirildiyini, eyni zamanda bu uğurların dövlətin və millətin imicinin formalaşmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Prezident İlham Əliyevin təşəbbüsü ilə təhsil sahəsində həyata keçirilən Dövlət Proqramı barədə məlumat verən nazir bu sahədə qarşıda duran vəzifələrdən danışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB