Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "İlboyu bilik" proqramının "Qardaşlaşmış məktəblər" layihəsi çərçivəsində növbəti saziş noyabrın 7-si Bakı şəhəri, Yasamal rayonu 53 saylı tam orta məktəbilə Astara rayonu 6 saylı tam orta məktəb arasında imzalanıb. Fondun informasiya təminatı sektorundan SİA-ya verilən xəbərə görə, yasamal məktəbliləri astaralı qonaqları Dövlət Bayrağı Meydanında qarşılayıblar. Muzeylə tanışlıqdan sonra şagirdlər 53 saylı məktəbdə olublar. Məktəbin direktoru Firəngiz Həsənova təhsil ocağı barədə qonaqlara geniş məlumat verib.
Tədbirdə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Fondun əməkdaşları, Yasamal RİH-in nümayəndəsi Vaqif Məmmədli və rayonun 11 məktəbinin direktorları iştirak ediblər. Bilik Fondunun yaranma zərurətini, fəaliyyət istiqamətlərini, həyata keçirdiyi layihələri diqqətə çatdıran O.Səmədov bu günə qədər 26 məktəbin qardaşlaşdığını bildirib. İcraçı direktor deyib ki, yerli və xarici məktəblərdən Fondun ünvanına müraciətlər daxil olur. Onlar "Qardaşlaşmış məktəblər" layihəsinə qoşulmaq istəyirlər. Məqsəd məktəblilərin biliklərini, dünyagörüşlərini, ölkələri barədə məlumatları artırmaqdır.
Astara rayonu 6 saylı tam orta məktəbin direktor müavini Xuraman Məmmədova, tarix müəllimi Teymur Hüseynov, Uşaq Birliyinin rəhbəri Faidə Abdullayeva təmsil etdikləri bölgə barəsində bilgilər veriblər və layihədə iştirakdan məmnun olduqlarını vurğulayıblar.
"Qardaşlaşma sazişi"nin imzalanmasının ardından Yasamal məktəblilərinin nümayiş etdirdikləri bədii-musiqili proqram - rəqslər, səsləndirilən şeirlər iştrakçılarda xoş ovqat yaradıb. Tədbirdən sonra paytaxt gəzintisinə çıxan hər iki məktəbin kollektivi Dövlət Sirkində tamaşaya baxıblar.
Tədbirin ikinci günü Bilik Fondunda bilik yarışması keçirilib. Mükafatları qaliblərə Azərbaycanın milli qəhramanı Vahid Quliyev təqdim edib. Bakı məktəbliləri qalibiyyət kubokunu qardaşlaşmalarının təsdiqi kimi, Astara məktəblilərinə bağışlayıblar.
Məktəblilərin Bakıda görüşü Qala Açıq Diyarşünaslıq muzeyindəki ekskursiya ilə yekunlaşıb. Astaralılar bakılı yaşıdlarını təhsil aldıqları məktəbə dəvət ediblər.
Bilik Fondunun sentyabrın əvvəllərindən başlayan "Qardaşlaşmış məktəblər" layihəsi çərçivəsində respublikanın müxtəlif rayonlarından olan 26 məktəb qardaşlaşıb. Layihə davam edir, məktəblərdə Qardaşlıq güşələri yaradılıb, şagirdlər vaxtaşırı müxtəlif dəyirmi masalar, müsabiqələr, tədbirlər keçirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB