“Çin dili dərsliyi” təqdim olundu

“Çin dili dərsliyi” təqdim olundu

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) universitetin Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq nəşr olunan "Çin dili dərsliyi" nin təqdimatı keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, Çin Xalq Respublikasının (ÇXR) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuin, Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin tələbələri iştirak edib.

Təqdimat mərasimində çıxış edən rektor Səməd Seyidov ÇXR-nın dünya siyasi və iqtisadi arenasında xüsusi çəkisinin olduğundan və bu səbəbdən bu ölkənin dilinin öyrənilməsinin vacibliyindən danışıb: "ADU-da Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin tərkibində 22 dil tədris olunur. Son zamanlar daha da inkişaf edən, zəngin dillərdən biri olan Çin dilinin örənilməsi üçün azərbaycanlı gənclər xüsusi maraq göstərir. Artıq 3 ildir ki, universitetimizdə Çin dili və mədəniyyəti mərkəzi fəaliyyət göstərir. İndiyə qədər universitetimizdə ÇXR-nın milli bayramları, Çin mədəniyyəti günləri tələbələr tərəfindən qeyd olunurdu, Çin kitabxanası fəaliyyət göstərirdi. Bu gün isə biz ilk dəfə olaraq məhz azərbaycanlı müəlliflərin hazırladığı "Çin dili dərsliyi" nin təqdimatını keçiririk. Bu münasibətlə Universitetin bütün müəllim və tələbə heyyətini təbrik edirəm və bu dərsliyin hazırlanmasında dəstək göstərdiyi üçün cənab səfir Xun Tsyuina təşəkkürümü bildirirəm".

Rektor həmçinin qeyd edib ki, gələcəkdə universitet daxilində konfutsi institutunun yaradılması və ÇXR-nın universitetləri ilə tələbə mübadiləsinin aparılması planlaşdırılır.

Daha sonra Xalq respublikasının (ÇXR) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuin çıxışında Azərbaycan-Çin münasibətlərinə toxunub: "Fikirləşirəm ki, ilk "Çin dili dərsliyi" nin məhz ADU-da tədris olunması universitetin uğurudur. Azərbaycanla Çin arasında yüksək siyasi əlaqələr mövcuddur. Prezident İlham Əliyev də ölkəmizdə səfərdə olarkən münasibətlərimizin inkişafına, gələcəkdə ölkələrimizin birgə atacağı addımlara toxunmuşdu. Bu münasibətlərin daha da inkişaf etdirilməsi üçün mütəxəssislərə ehtiyac var. Bu işdə Çin dilinin öyrənilməsi də öz töhfəsini verəcək".

Tədbirin sonunda Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin Çinşünastlıq ixtisasının tələbələri Çin dilində məşhur ənənəvi "Molixua" – "Jasmin" Çin mahnılarını ifa ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə