Bakıda rus dili üzrə regional konfrans keçirilib FOTO

Bakıda rus dili üzrə regional konfrans keçirilib FOTO

Bu gün Bakı Slavyan Universitetində rus dilinə dəstək, bu dilin qorunub saxlanılması və tədrisi üzrə regional konfransın açılışı olub. SİA-nın xəbərinə görə, Moskva hökumətinin Xarici iqtisadi və Beynəlxalq əlaqələr Departamenti tərəfindən dəstəklənən bu layihə Bakı Slavyan Universitetinin fəal iştirakı ilə həyata keçirilir.

Tədbiri giriş sözü ilə açan ali təhsil müəssisəsinin rektoru, professor Asif Hacıyev qonaqları salamlayaraq konfransın keçirilmə məqsədi barədə məlumat verib, həmçinin rus dilinin işlənməsi, tədrisi və tədqiqi sahəsində Azərbaycandakı vəziyyət, qazanılmış nailiyyətlər, BSU-nun fəaliyyəti haqqında danışıb. Rektor ölkəmizdə rus dilinin tədrisi və istifadəsi üçün dövlət səviyyəsində bütün şəraitin yaradıldığını, orta və ali təhsil müəssisələrində tədris və tədqiq olunduğunu qeyd edib.

Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Dimitriyeviç Doroxin öz çıxışında rus dili və ədəbiyyatının inkişafının mühim əhəmiyyət kəsb etdiyini vurğulayaraq rus dilinin istifadəsi üçün Azərbaycanda olduqca münbit şəraitin olduğunu deyib: "Azərbaycan yeganə ölkədir ki, burada rus dilinin inkişafı üçün geniş imkanlar yaradılıb və bunun üçün mübarizə aparmağa ehtiyac yoxdur. Çünki bu ölkədə rus dilinin yayılması və dinamik inkişafına kifayət qədər diqqət göstərilir".

Konfransda həmçinin Azərbaycanın Rus icmasının sədri, millət vəkili Zabelin Mixail Yuryeviç və "Zlatoust" Tədris-nəşriyyat mərkəzinin baş redaktoru A.V.Qolubeva rus dilinin qorunub saxlanılması və tədrisi ilə bağlı məsələlərin aktuallığından, Azərbaycanın bu sahədə uğurlarından danışıblar.

İki gün ərzində elmi-metodiki konfransda rus dilini tədris edən mütəxəssislər fikir mübadiləsi aparacaqlar. Bakı Slavyan Universitetinin bazasında Rusiyalı ekspertlərin, Azərbaycandan və Gürcüstandan olan müəllimlərin iştirakı ilə BSU-nun Məktəb-Lisey Kompleksində, həmçinin Bakı şəhəri 160 saylı Klassik Gimnaziyada bölmə iclasları keçiriləcək. Bölmə iclasları çərçivəsində rus dilinin tədrisində yeni texnologiyaların istifadəsi, rus dili və ədəbiyyatının tədrisi prosesində milli-mədəni dəyərlərin qorunub saxlanılması məsələləri üzrə çıxışlar, diskussiyalar və prezentasiyalar planlaşdırılır.

Bakı şəhərinin ali və orta təhsil müəssisələrinin nümayəndələri ilə yanaşı Azərbaycanın müxtəlif bölgələrindən (Naxçıvan Muxtar Respublikasın, Sumqayıt, Şamaxı, Xaçmaz, Səlyan, Göyçay, Tovuz, Şəmkir, Abşeron, Qusar, Quba, Lənkəran, Cəlilabad) nümayəndələr də konfransda iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə