Təhsil Nazirliyində növbəti memorandum imzalanıb FOTO

Təhsil Nazirliyində növbəti memorandum imzalanıb FOTO

Bu gün Təhsil Nazirliyi ilə Sahibkarlar (İşə götürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) arasında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib. SİA-nın xəbərinə görə, imzalanma mərasimində çıxış edın təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda təhsil sahəsinə dövlət səviyyəsində xüsusi diqqət göstərildiyini vurğulayıb.

Onun sözlərinə görə, ölkə prezidentinin sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" bu sahəyə verilən önəmi bir daha sübut edir. Mikayıl Cabbarov son dövrlər bu sahədə işlərin intensivləşdiyini xatırladıb: "Müxtəlif ali təhsil müəssisələrində sahibkarların iştirakı ilə məzunlar üçün əmək yarmarkaları keçirilməsi, peşə təhsili məktəblərində tədrisə sahibkarların cəlb olunması tələbələrin sahibkarlıq müəssisələrində təcrübə keçməsi ilə bağlı fəaliyyətin artırılması Təhsil Nazirliyinin biznes dünyası ilə əlaqələrinin genişləndirilməsi sahəsində həyata keçirdiyi işlərin görünən hissəsidir".

Nazir həmçinin sahibkarlara biznesin strateji hədəflərini müəyyənləşdirərkən kadr ehtiyatının hazırlanması işini unutmamağı tövsiyə edib.

ASK-nın prezidenti Məmməd Musayev isə çıxışında Azərbaycanda sahibkarlığın vəziyyətindən və nazirliklə adıçəkilən qurum arasında imzalanan Memorandumun əhəmiyyətindən danışıb.

M. Musayev də kadr ehtiyatında savadlı gənclərin yetişdirilməsinin vacibliyini vurğulayıb və bu istiqamətdə əməkdaşlığa həmişə hazır olduğunu bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycanda 82 faiz özəl sektor var. Eyni zamanda 500 mindən çox sahibkarlıq subyektləri fəaliyyət göstərir.

Qeyd edək ki, sənədi təhsil naziri Mikayıl Cabbarov və ASK-nın prezidenti Məmməd Musayev imzalayıblar. Memorandum sahibkarlarla Təhsil Nazirliyi arasında əlaqələrin daha da inkişaf etdirilməsi, azad sektorda çalışan sahibkarlarla sosial partnyorluğun yaradılması, iqtisadiyyatın sürətli inkişafı şəaitində yeni texnologiyaları mənimsəmiş kadrların hazırlanmasında birgə fəaliyyəti nəzərdə tutur. Tərəflər arasında razılaşmaya əsasən, ASK-nın təhsil və peşə təhsili komissiyalarının tərkibinə Təhsil Nazirliyinin nümayəndəsi də daxil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə