“Azərbaycan elmi xaricdə” proqramının icrasına başlandı

“Azərbaycan elmi xaricdə” proqramının icrasına başlandı

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu "Azərbaycan elmi xaricdə" proqramının icrasına başlayıb. Fondun informasiya təminatı sektorundan SİA-ya verilən xəbərə görə, noyabr ayında proqram çərçivəsində "Azərbaycan geologiya eimi Çexiyada" adlı sərgi keçiriləcək. Sərgidə geoloji xəritələr, ölkəmizin geologiyasına dair elmi ədəbiyyat, Azərbaycana xas olan materiallar nümayiş olunacaq.

Layihə ilə əlaqədar olaraq, Bilik Fondunun Beynəlxalq layihələr sektorunun müdiri Riyad Məmmədzadə Çexiyada səfərdədir. Azərbaycanın Çexiyadakı səfirliyində konsul Əli Mirzaminlə görüşən R.Məmmədzadə layihənin detallarının müzakirə olunduğunu, səfirliyin bu sahədə hərtərəfli dəstək göstərməyə, eyni zamanda sərgidə məmnuniyyətlə iştirak etməyə hazır olduğunu bildirib.

R.Məmmədzadə Praqada Azərbaycan və Xəzər üzrə Araşdırmalar Mərkəzinin direktoru professor Eduard Gombarla birgə Karlov Universitetinin əsas tarixi binasındakı sərgi zalı ilə tanış olub. "Azərbaycan geologiya eimi Çexiyada" adlı sərginin burada keçirilməsi qərara alınıb. Artıq rəsmi qaydada hazırlıq işlərinə başlanıb.

Xatırladaq ki, Çexiyanın ölkəmizdəki səfirliyi ilə Bilik Fondunun sıx əlaqələri var. Səfir Vitezslav Pivonka Bilik Fondunun "İlboyu bilik" proqramı çərçivəsində Bakının 23 saylı orta məktəbində şagirdlərə mühazirə deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə