Gürcüstan hökuməti xarici vətəndaşlar üçün yeni qanun qəbul edib. SİA- nın məlumatına görə, azərbaycanlıları da əhatə edən qanun Gürcüstan Xarici İşlər Nazirliyi tərəfindən bildirilib. Belə ki, bu ölkədə yaşayan Azərbaycan vətəndaşları 90 günlük limiti keçdikdən sonra yenidən viza üçün müraciət etməlidir.
Məsələ azərbaycanlı tələbələri də narahat edir. Gürcüstan Texniki Universitetinin mühəndislik fakultəsinin tələbəsi Bəhram Səfərov agentliyimizə verdiyi açıqlamasında bunları deyib: "Gürcüstanda hazırda viza ilə bağlı olaraq tələbələr əziyyət çəkirlər. Viza almaq üçün bir sıra şərtlər qoyulub. Bu vəziyyətdən təkcə azərbaycanlı tələbələr əziyyət çəkmir. Bir neçə ölkədən olan tələbələr bir yerə gələrək, bu məsələ ilə bağlı söhbət edəcəyik. Viza ilə bağlı şərtlərdən biri də bankda 3 min Larinin olması şərtidir. Bu problemlə birlikdə səhiyyə siğortası da tələbələri düşündürür".
Azərbaycanlı tələbə onu da qeyd edib ki, onların bir neçə Gürcüstan rəsmi qurumlarına müraciətindən sonra qanunun təzə qəbul edildiyi və yaxın zamanda düzəlişlərin ediləcəyi bildirilib: "Bizə dedilər ki, Gürcüstanda belə bir qanun yeni qəbul edilib. Buna görə də qanunda tələbələri də düşündürəcək bəzi anlaşılmazlıqlar var. Məsələ yaxın zamanlarda öz həllini tapacaq".
Məsələ ilə bağlı olaraq Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyevdən məlumat almaq istədik. Hacıyev bildirdi ki, bu Gürcüstan hökumətinin öz səlahiyyətinə aid olan məsələdir: "Hər bir ölkənin öz hüququdur ki, qanunvericiliyində dəyişiklik etsin. Ona görə də biz bunu şərh etmək istəməzdik".
Daha sonra isə məsələni Gürcüstanın Azərbaycandakı Səfirliyində araşdırdıq. Səfirliyin birinci katibi Kaxa Abdaladze məsələ ilə bağlı açıqlama verməyərək, yalnız rəsmi şəkildə məktubla müraciət olduğunda suallarımıza cavab veriləcəyini dedi.
Qeyd edək ki, araşdırmalarımız davam edir. Bununla bağlı yaxın günlərdə ətraflı məlumat veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB