Bakıda ilk dəfə SABAH tələbələrinin Forumu keçirilir FOTO

Bakıda ilk dəfə SABAH tələbələrinin Forumu keçirilir FOTO

Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə olaraq Bakıda I Tələbə Forumu keçirilib. SİA-nın xəbərinə görə, 2 günlük forumda ölkənin müxtəlif ali təhsil müəssisələrinin SABAH qruplarında təhsil alan 250 nəfərə yaxın tələbəsi iştirak edib.

Forumun keçirilməsində əsas məqsəd ölkə təhsilinin strateji hədəfləri barədə ətraflı məlumatların verilməsi, müasir dövrün tələblərinə uyğun yüksək biliyə malik cəmiyyətin qurulmasında tələbələrin rolu, tələbələr arasında dialoqun yaradılmasından ibarətdir.

Tədbirin açılış mərasimində çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, qloballaşan dünyanın yeni çağırışları və ölkədə yüksək biliyə malik cəmiyyətin qurulması zərurəti Azərbaycan gəncliyi qarşısında tamamilə yeni tələblər qoyur: "Bu baxımdan ölkə təhsilinin strateji hədəflərindən biri də "Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq, gənclərin potensialının inkişaf etdirilməsidir. SABAH qrupları layihəsi də bu istiqamətdə həyata keçirilən tədbirlərdən biridir. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan vətəndaşları müasir dövrdə yüksək keyfiyyətli təhsili xarici ölkələrlə yanaşı öz ali təhsil müəssisələrimizdə də ala bilərlər. Bu gün müasir təhsili qloballaşan dünyaya uyğun çeviklik, peşəkarlıq, yeni texnologiyalar olmadan, xarici dillərin öyrənilməsində kənar təsəvvür etmək çox çətindir. Bu proseslərin hər biri yaradılan SABAH qruplarında özünü əks etdirir".

Tədbir çərçivəsində tələbələr üçün "master class"lar, müxtəlif mövzularda müzakirə panelləri, idman və əyləncə xarakterli tədbirlərin keçirilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, SABAH qrupları 33 ixtisas üzrə elmi-pedoqoji potensialı, tədris laboratoriya və maddi-texniki bazası yüksək olan 7 ali məktəbdə yaradılıb. 688 tələbənin təhsil aldığı bu qruplarda 158 müəllim dərs deyir. SABAH qruplarında tədris fərqli proqram əsasında keçirilir və tələbələrə xüsusi təqaüd verilir, eyni zamanda aztəminatlı ailələrdən olanlar yataqxana ilə təmin olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə