Nazir müavini müəllim və təhsil işçilərinin III qurultayında iştirak edib

Nazir müavini müəllim və təhsil işçilərinin III qurultayında iştirak edib

Təhsil nazirinin müavini Firudin Qurbanov Minsk şəhərində MDB dövlətlərinin müəllim və təhsil işçilərinin III qurultayında iştirak edib. Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, F. Qurbanov qurultay çərçivəsində MDB-yə üzv olan dövlətlərin təhsil sahəsində əməkdaşlıq Şurasının iclasında müşahidəçi qismində də iştirak edib.

İclasda 2016-cı ilin "Təhsil ili" elan olunmasının MDB məkanında təhsilin inkişafı və bu sahədə əməkdaşlığın genişləndirilməsində xüsusi əhəmiyyəti vurğulanıb, habelə növbəti iclasın keçirilməsi ilə bağlı müzakirələr aparılıb.

Səfər çərçivəsində F. Qurbanov Belarusun təhsil naziri S. Maskeviç, habelə bir sıra aparıcı ali təhsil müəssisələrinin rəhbərləri, o cümlədən Belarus Dövlət Universitetinin rektoru S. Ablameyko, Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin rektoru A. Juk və Peşə Təhsili üzrə İnstitutun rektoru A. Şklyarla görüşüb və səmərəli fikir mübadiləsi aparıb. F. Qurbanov Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində də olub və universitetin tələbə və müəllimləri ilə görüşüb.

F. Qurbanov həmin universitetin önündə qoyulmuş "Mənim birinci müəlliməm" abidəsinin açılışında da iştirak edib. Abidənin açılışına Belarus baş nazirinin müavini A. Tozik qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə