Maldovalı Forum iştirakçısı Bilik Fondunun əməkdaşları ilə görüşüb

Maldovalı Forum iştirakçısı Bilik Fondunun əməkdaşları ilə görüşüb

IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı Moldovanın populyar həftəlik mətbu orqanı olan "Kommersant info" qəzetinin təsisçisi və baş redaktoru Robert Lvoviç Zapadinski Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşları ilə görüşüb. Fondun İnformasiya təminatı sektorundan SİA-ya verilən xəbərə görə, Bakıya ikinci dəfə gəldiyini bildirən R.Zaradinski Azərbaycanın əldə etdiyi uğurların, hərtərəfli tərəqqinin, Bakının müasir Avropa meqapolislərindən birinə çevrilməsinin bir daha əyani şahidi olduğunu vurğulayıb: "Mən gənclik vaxtlarımdan Azərbaycan xalqının yetirdiyi böyük siyasi xadim Heydər Əliyevin vurğunu olmuşam, onun haqqında dəfələrlə yazmışam. Dünyanın 60-dan çox ölkəsindən 500-ə yaxın dövlət, hökumət, elm, incəsənət xadimlərini bir Mərkəzdə toplayıb müasir dünyanın qlobal problemlərinin müzakirəsini keçirməyi, dünya liderlərinə açıq mesajlar ötürməyi yalnız İlham Əliyev kimi siyasi iradəyə, iti ağıl, uzaqgörən zəkaya malik siyasətçi bacara bilər".

Moldovalı jurnalist "Kommersant info" qəzetinin rus dilində "Novıy Azerbaydjan" adlı xüsusi buraxılışını Bilik Fondunun sektor müdiri Hacı Abdullaya təqdim edib. Buraxılışda Prezident İlham Əliyevin "The Business Jear" jurnalına müsahibəsi ilə birlikdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyətinə dair yazılar, 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq barədə məlumatlar, həmçinin Bakının qədim binalarının, tarixi abidələrinin, yeni tikililərinin rəngli fotoları da yer alıb.

H.Abdulla dövlət başçısının 2014-cü il 7 may tarixli Fərmanı ilə yaradılan Bilik Fondunun məqsədi, gördüyü işlər barədə R. Zapadinskiyə bilgi verib. Moldovalı jurnalist Bilik Fondu kimi qurumun əhalinin maariflənməsi, dünyagörüşünün genişləndirilməsi, informasiya təminatında mühüm rol oynadığını vurğulayıb.

R. Zapadinski təsisçisi və baş redaktoru olduğu qəzetdə Bakı və Forum haqqında özünün və səfər yoldaşlarının təəssüratlarını dərc edəcəyini, Bilik Fondu barədə məlumat verəcəyini, fondla əlaqələrini davam etdirəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə