Məşhur türk sənətçisi Bakı Slavyan Universitetində olub

Məşhur türk sənətçisi Bakı Slavyan Universitetində olub

Bakı Slavyan Universitetinin növbəti qonağı Türkiyənin sevilən sənətçisi Müşərrəf Akay olub. Universitetdən SİA-ya verilən xəbərə görə, təhsil ocağının rəhbər heyəti, müəllim və tələbələrin iştirakı ilə ali təhsil müəssisəsində tanınmış sənətçiylə unudulmaz görüş keçirilib.

Tədbiri giriş sözüylə açan BSU-nun rektoru Asif Hacıyev universitetin yaranma tarixi, həmçinin türk dili və mədəniyyətinə, musiqisinə olan böyük diqqətdən danışıb: "Bakı Slavyan Universiteti yarandığı gündən bir çox xarici təhsil ocaqlarıyla əməkdaşlıq edir. Bu əməkdaşlıq qardaş ölkə sayılan Türkiyə ilə də özünü göstərir. Müəssiəmizdə fəaliyyət göstərən Türkiyə Araşdırmaları Mərkəzi Bakı Slavyan Universiteti ilə T.C. Başbakanlıq Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu, Atatürk Kültür Mərkəzinin maddi və mənəvi dəstəkləri və əməkdaşlığı ilə 3 may 2004-cü ildə yaranmışdır."

O, həmçinin Türkiyənin Qafqaz Universiteti, Qazi Universiteti, Ankara Universiteti, İstanbul Kültür Universiteti və başqaları ilə əməkdaşlıq haqqında müqavilələr bağlandığını və eyni zamanda Regionşünaslıq fakültəsində Türkiyəşünaslıq üzrə təhsil alan tələbələrə Türkiyənin iqtisadi-siyasi və mədəni cəhətdən inkişafını əks etdirən kursların tədris olunduğunu vurğulayıb.

Azərbaycan haqqında təəssüratlarının olduqca xoş olduğunu deyən Müşərrəf Akay bu ölkəylə bağlı xatirələrini universitet əməkdaşları və tələbələrlə bölüşdü. Otuz il öncə Bakıya gəlişini yada salan sənətçi Azərbaycanın, Bakının inanılmaz şəkildə dəyişdiyini, inkişaf etdiyinin şahidi olduğunu söyləyib.

BSU ailəsinin ona olan diqqəti, marağı da sənətçini təsirləndirib: "Azərbaycan xalqının mənə olan münasibəti, diqqəti məni çox təsirləndirdi, gözlərim yaşardı. Eyni hörmət və qayğını Bakı Slavyan Universitetində də görmək mənim üçün olduqca sevindirici haldır. "

"Azərbaycan Türkiyənin sevdasıdır!" deyən sənətçi, müəssisədə təhsil alan türk tələbələrlə də görüşdü, repertuarında yer alan Azərbaycan xalq mahnılarından parçaları sevərək ifa edib.

Səmimi görüşdən razı qalan qonaq tələbələrin suallarını cavablandırdı və sonda BSU əməkdaşları ilə xatirə şəkillər çəkdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə