Bu gün Milli QHT Forumunun (MQF) təşkilatçılığı və KİVDF-nin dəstəyi ilə "Distant təhsillə bağlı ictimai müzakirə" mövzusunda tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə ilk olaraq çıxış edən MQF-nin prezidenti Rauf Zeyni bildirib ki, rəhbərlik etdiyi qurum bu günə qədər bir çox aktual problemlərin ictimai müzakirəsini həyata keçirib.
Onun sözlərinə görə, 15 il ərzində MQF cəmiyyətin bütün sahələrini əhatə edən, problemlərə toxunan tədbirlər keçirib: "20 illik müstəqillik tarixində vətəndaş müharibəsindən vətəndaş cəmiyyətinə keçiddə bir çox sahələrdə müəyyən problemlər yaşanıb. Buna baxmayaraq təhsil sahəsində bu müddət ərzində bir çox nailiyyətlərə imza atılıb. Bugünkü tədbirdə də cəmiyyəti narahat edən vacib məsələyə, yəni distant təhsil sisteminə toxunulacaq".
Daha sonra Memarlıq və İnşaat Universitetində kafedra müdiri Sahib Fərzəliyev distant təhsil sisteminin yaranma tarixindən danışaraq bildirib ki, bununla bağlı 2009-cu ildə qərar qəbul olunub.
Kafedra müdiri qeyd edib ki, distant təhsil müəyyən məsafədən həyata keçirilən təlim sistemidir: "Bu, eyni zamanda tədrisin müasir formasıdır. Ən başlıcası təhsilin şəffaflığı, əlverişliyi, humanistliyi hər kəs üçün bərabər imkanlar yaradan təhsil sistemidir. Onu da deyim ki, distant təhsildə tədris olunan dərslər universitetlərin tədris proqramına əsasən aparılır".
Distant təhsilin üstünlüklərindən danışan S. Fərzəliyev əlavə edib ki, bu təhsil sistemi ənənəvi kurslardan daha ucuzdur: "Eyni zamanda burada vaxt itkisi azalır, müəllimlər az əməklə çox öyrədə bilirlər. Distant təhsil mobildir, yəni istənilən yerdə onunla məşğul olmaq olar. İş yerini itirmək təhlükəsi, məhz bu təhsil prosesi zamanı aradan qalxır".
Distant təhsilin mənfi xüsusiyyətlərinə də toxunan universitet rəsmisi vurğulayıb ki, təlim kursları çox interaktiv olmur: "Tələbə müəllim arasında canlı ünsiyyət itir. Cəmiyyətdə distant təhsil diplomu birmənalı qarşılanmır".
"Azərbaycanda kompüter şəbəkəsində iş təcrübəsinin az olması, eləcə də maliyyələşdirilmə ilə bağlı çətinliklər, yüksək hazırlığa malik kadrların az olması distant təhsil sisteminə keçidi ləngidən amillərdəndir. Praktiki olaraq, ölkədə şəbəkə telekommunikasiyalarından istifadə edilməsinə əsaslanan distant təhsil sistemi yoxdur" - deyə, Sahib Fərzəliyev fikirlərinə əlavə edib.
Qeyd edək ki, tədbir mövzu ətrafında müzakirələrlə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB