Bilik Fondunun icraçı direktoru Gəncədə səfərdədir

Bilik Fondunun icraçı direktoru Gəncədə səfərdədir

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu "İlboyu bilik" proqramı çərçivəsində sentyabrın 15-i "Bilik günü" ilə əlaqədar tanınmış elm xadimlərinin, bir neçə xarici ölkə səfirinin iştirakı ilə ölkəmizin bütün rayonlarında mühazirələr təşkil edib. Fondun informasiya təminatı sektorundan SİA-ya verilən xəbərə görə, "Bilik günü"ndə Fondun lektorları 70-dən çox məktəbdə Ulu Öndər Heydər Əliyev haqqında keçirilən açıq dərslərdə iştirak ediblər, sonra şagirdlərə "Azərbaycan bu gün və sabah" mövzusunda mühazirə deyiblər.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Gəncə şəhər 43 saylı tam orta məktəbdə "Azərbaycan bu gün və sabah" mövzusunda açıq dərs keçib. Dərs müddətində Oktay Səmədov məktəblilərə Vətən sevgisindən bəhs edib, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı üçün etdiyi əvəzsiz fədakarlıqlardan danışıb.

Dərs diskussiya formasında interaktiv şəkildə davam edib. O.Səmədov məktəblilərin suallarını cavablandırıb. Mühazirədən məmnun qalan Bilik Fondunun Gəncə şəhər nümayəndəsi Günay Əliyeva və şagirdlər belə dərslərdə tez-tez iştirak etmək arzusunda olduqlarını dilə gətiriblər.

Açıq dərsdən sonra O.Səmədov Gəncə şəhər icra hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva, yerli ictimaiyyət və ziyalıların iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təqdimatını keçirib. Təqdimat mərasimində Fondun layihələri müzakirə edilib, əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə