Səbail rayonunun orta məktəblərində yeni dərs ilinə başlanıb

Səbail rayonunun orta məktəblərində yeni dərs ilinə başlanıb

15 sentyabr - "Bilik günü" ənənəvi olaraq Səbail rayonunun bütün orta təhsil müəssisələrində təntənəli şəkildə qeyd olunub. SİA-nın xəbərinə görə, yeni dərs ili ərəfəsində məktəblərdə böyük hazırlıq işləri aparılmış, ilk dərs günü 18 orta məktəbdə dərslərə başlanıb.

Səbail rayonu Bayıl yaşayış sahəsindəki 49 saylı "İntellekt" məktəb-liseydə yeni dərs ilinin başlanmasına həsr olunan tədbirdə çıxış edən 49 saylı "İntellekt" məktəb-liseyin direktoru Təhminə Əsədova qazanılan uğurlardan danışaraq bildirib ki, bu orta təhsil ocağı 1929-cu ildə tikilən və Böyük Vətən Müharibəsi illərində burada təxliyə hospitalı fəaliyyət göstərib. Dövlət Proqramına uyğun olaraq 2012-ci ildə məktəbin 3 mərtəbəli binası əsaslı təmir olunub, burada müasir təhsil üçün hər cür şərait yaradılıb. Ətraf ərazidə yaşayan əhalinin sayının artması ilə əlaqədar məktəbin həyətində 36 əlavə sinif otağı olan 660 şagird yerlik, 3 mərtəbəli yeni tədris korpusu da tikilib. Çox sevindirici haldır ki, həmin il sentyabrın 5-də Prezident İlham Əliyev məktəbə gələrək yeni inşa olunan tədris korpusunun və əsaslı təmir işləri aparılan köhnə korpusun açılış mərasimlərindən iştirak edib. Bu gəliş məktəb kollektivi üçün çox əlamətdar bir hadisə olub. Məktəbə olan diqqət və qayğı pedaqoji kollektivi daha yaxşı işləməyə, vətənimiz üçün savadlı və vətənpərvər nəslin yetişdirilməsi işində daha uğurla çalışmağa sövq edib.

Məktəb barədə məlumat verən T.Əsədova qeyd edib ki, hazırda məktəb-liseydə 1459 şagird təhsil alır, onlara 129 nəfər müəllim dərs deyir. Bu il 209 nəfər uşaq birinci sinfə qəbul olunub. 2013-2014-cü təhsil ilində məktəb-liseyi 73 nəfər məzun bitirib və onların 44 nəfəri tələbə adını qazanıb. Məzunların 2 nəfəri qəbul imtahanlarında 600-dən, 1 nəfəri isə 650-dən çox bal toplayıb. 4 nəfər məzun xaricdə təhsil alacaq.

Təhminə Əsədova təhsilə olan diqqət və qayğıya, məktəbdə yaradılan şəraitə görə cənab Prezidentə öz dərin təşəkkürünü bildirib.

"Bilik günü" ilə əlaqədar Səbail rayonundakı 91 saylı orta məktəbdə təşkil olunan tədbirə toplaşan şagirdləri, onların valideynlərini və çoxsaylı qonaqları salamlayan 91 saylı orta məktəbin direktoru Svetlana Zülfuqarova məktəb kollektivinin qazandığı uğurlardan danışıb: "Məktəbdə hazırda 1200 şagird təhsil alır və onlara 100 nəfər müəllim dərs deyir. Bu il birinci sinifə 123 nəfər uşaq qəbul edilib. Keçən tədris ilində məktəbin 68 məzununun 46-ı ali məktəblərə, onlardan 7-i isə xarici ölkələrin ali məktəblərinə daxil olmuşdur. Məzunların 4-u 500-dən çox, 2-si 600-dən, 2-i isə 650-dən çox bal toplayıb. Məktəbin məzunu, 680 balla ADA Universitetinə daxil olan Mikayıl Mikayıllı Prezident təqaüdünə layiq görülüb".

Yeni dərs ili ərəfəsində məktəbdə yaradılmış şəraitə, onun lazımi inventar və dərs ləvazimatları ilə təminatına, həmçinin ölkə təhsilinin inkişaf və tərəqqisi üçün gördüyü işlərə görə məktəb direktoru Svetlana Zülfuqarova ölkə rəhbərliyinə məktəb kollektivi və valideynlər adından dərin təşəkkürünü bildirib.

Məktəbin şagirdlərinin hazırladığı bədii kompozisiya, müasir bal və milli rəqslər tədbir iştirakçılarının alqışları ilə müşayət olunub.

"Bilik günü"nə həsr olunan tədbirlərdə iştirak edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov yeni dərs ilinin başlanması münasibəti ilə məktəblərin kollektivlərini təbrik edib, onlara təhsildə uğurlar arzulayıb: "Son illərdə qazanılan bütün uğurlar ölkə başçısı cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, ölkənin birinci xanımı Mehriban Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilməlidir. 3 il ərzində ölkə başçısının imzaladığı Sərəncam və Dövlət Proqramlarına əsasən rayondakı orta və məktəbəqədər təhsil müəssisələrinin böyük əksəriyyəti əsaslı təmr olunub, 1 yeni orta məktəb və 1 yeni uşaq bağçası tikilmiş, 2 orta məktəb, 1 uşaq musiqi məktəbi sökülərək yenidən tikilmişdir. 2 məktəb üçün yeni əlavə korpus tikilib, 1 peşə, 11 orta, 2 uşaq musiqi məktəbləri, 2 uşaq texniki yaradıcılıq mərkəzi, 8 uşaq bağçası əsaslı təmir olunub.

Asif Əsgərov rayon məktəblilərinin keçən tədris ilində qazandıqları uğurlardan danışaraq bidirib ki, rayonun orta məktəblərini 1355 nəfər bitirib, onlardan 901 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında abituriyentlərdən 124 nəfəri 500-dən yuxarı, 37 nəfəri 600-dən, 9 nəfəri isə 650-dən çox bal toplayıb. Məzunlarından 124 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunublar.

Ali məktəblərə qəbul olunan 3 nəfər məzun Prezident təqaüdünə liyiq görülüb. 2013-2014-cü təhsil ilinin yekununa görə Səbail rayonu üzrə 7 məzun qızıl və 2 məzun gümüş medala layiq görülüb. Son 4 ildə isə rayonun məzunları 43 qızıl və 3 gümüş medala layiq görülüblər.

Asif Əsgərov Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevanın da ölkəmizdə təhsilin inkişafındakı əvəzsiz xidmətlərindən söz açıb, Fondun dəstəyi görülən işlər barədə məlumat verib: "Keçən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə Badamdar qəsəbəsindəki 136 saylı körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri aparılıb və sentyabr ayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyevanın iştirakı ilə açılışı keçirilib. Bu il isə Fond tərəfindən qəsəbədəki "Könül" körpələr evi-uşaq bağçasında əsaslı təmir aparılmış, burada 90 yerlik yeni korpus tikilib".

Ənənəvi "Bilik günü" tədbirləri rayonun digər məktəblərində də keçib, bu tədbirlərdə RİH-nin məsul nümayəndələri, ağsaqqallar, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə