Bu gün 15 sentyabr – Bilik günündə Kaspi Təhsil Şirkətinin nəzdində yeni açılan Kaspi Liseyi öz fəaliyyətinə start verib. SİA-nın xəbərinə görə, liseyin açılışında çıxış edən Kaspi Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva bildirib ki, Azərbaycanın sürətlə inkişaf etməsi təhsil sahəsində bir çox uğurlar qazanılmasına da şərait yaradıb.
Onun sözlərinə görə, Kaspi Təhsil Şirkəti təhsil məkanında yeni deyil: "Şirkətimiz 8 ildir ki, fəaliyyət göstərir. Bu müddət ərzində 2000-ə yaxın magistr xarici ölkədə təhsil alır. Eyni zamanda məktəbəqədər təhsil müəssisəmizdə 5000-ə yaxın uşağa bilik öyrədilir. Məhz bu səbəbdən də Şirkətin nəzdində yeni liseyin açılmasına ehtiyac vardı. Liseydə əsasən milli və elektron təhsilin vəhdətini təşkil etmək istəmişik və buna da nail olmuşuq. Liseydə həmçinin təhsilin keyfiyyətini artırmaq məqsədi ilə müəllim heyətinin işi düzgün qurulub".
S.Vəliyeva qeyd edib ki, Kaspi Liseyində şagirdlərdə var olan bacarıq və qabiliyyətlərin formalaşdırılması, onların istedadının, intellektual və yaradıcı potensialının üzə çıxarılması, həmçinin müasir və keyfiyyətli təhsil almaları üçün əlverişli şərait yaradılmışdır: "Kaspi Liseyində intellektual, özünə inanan, yaradıcı və cəmiyyətə töhfə verə biləcək nəslin yetişməsi üçün xüsusi təlim-təhsil mühiti mövcuddur. Belə bir mühit və zənginləşdirilmiş təhsil proqramları həmçinin, şagirdlərimizin yaradıcı və tənqidi təfəkkürünün formalaşmasına, nəticədə isə cəmiyyətdə özünə mövqe tuta biləcək müstəqil şəxsiyyətlərin yetişdirilməsinə də zəmin yaratmış olur. Məktəb beynəlxalq təhsil proqram və təcrübələrindən yararlanaraq, dövlət standartlarına əsaslanan tədris planı və müvafiq tədris prosesini təşkil edir. Tədris 2 dildə - Azərbaycan və rus dillərində keçirilir.
Tədris müddətində ikinci dil olaraq ingilis dilinə xüsusi önəm verilir. Müasir maddi-texniki bazaya malik olan məktəbdə geniş və işıqlı dərs otaqları, fizika, kimya, biologiya laboratoriyaları, kompüter otaqları, zəngin kitabxana, yeməkxana, tibb otağı və müasir idman zalı fəaliyyət göstərir. Tədris otaqları ağıllı lövhələr ilə təmin edilmişdir ki, bu da tədrisin keyfiyyətinin artırılmasına xidmət edir".
Daha sonra Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Tarix İnstitutunun direktoru Yaqub Məmmədov, millət vəkili Fazil Mustafa, Həmkarlar İttifaqının sədri Səttar Mehbalıyev çıxış edərək liseydə təhsil alacaq şagirdlərə dərslərində uğurlar arzulayıblar.
Tədbirin ikinci hissəsi bədii hissə ilə davam edib, yekun sözü isə Liseyin direktoru Tural Əliyev deyib.
Tədbir yekunlaşdıqdan sonra liseydə təhsil alacaq şagirdlər sinif otaqlarına yerləşdirilib.
Kaspi Təhsil Şirkətinin direktoru Elnur Əliyev isə açıqlamasında bildirib ki, liseydə 1-ci sinifdən 9-cu sinfə qədər hələlik 400 şagird təhsil alır. 85 şagird bu il birinci sinfə daxil olub. Liseydə 60-a yaxın müəllim çalışır.
Qeyd edək ki, Kaspi Təhsil Şirkəti 2007-ci ildə təhsil mərkəzi olaraq fəaliyyətə başlayıb, sonra öz fəaliyyətini genişləndirərək 8 filialını – Elmlər, Əhmədli, Yasamal, Nəsimi, Xətai, Nərimanov, Masazır, Sumqayıt - istifadəyə verib. Nəhayət bu il Kaspi Liseyini təsis edib. Öz fəaliyyətini genişləndirdiyindən Mərkəz bu il "Şirkət" statusunu alıb.
Xatırladaq ki, Kaspi Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva, direktoru Elnur Əliyev, Kaspi Liseyinin direktoru isə Tural Əliyevdir.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB