Nazir: "Dərsliklərin hazırlanmasında fənn mütəxəssisləri iştirak etməlidir"

Nazir: "Dərsliklərin hazırlanmasında fənn mütəxəssisləri iştirak etməlidir"

"Dərslik məsələsində Təhsil Nazirliyi əhəmiyyətli işlər görür. Müstəqillik tarixində ilk dəfə bu il maksimum tirajda - 7,8 milyon və maksimum 271 adda dərslik çap etmişik, onları təyinatı üzrə yerlərə çatdırmışıq. Müqayisə üçün deyim ki, bu rəqəmlər ötən ildəkindən 2 dəfə çoxdur". SİA-nın xəbərinə görə, bu fikirləri təhsil naziri Mikayıl Cabbarov yap.org.az saytına müsahibəsində deyib.

Onun sözlərinə görə, dərsliklərin hazırlanmasında da dəyişikliklər var: "Bütün dərsliklər təkmilləşdirilib, 7-ci sinif dərslikləri yenidən işlənib. Ümumiyyətlə, biz dərsliklərin hazırlanmasında yeni sistemin əsasını artıq qoymuşuq. Bundan sonra növbəti tədris ilinin yeni dərslikləri əvvəlcədən hazırlanacaq, pilot olaraq bəzi məktəblərə paylanacaq, ekspertlərə veriləcək. Həmin dərsliklər rəylərə uyğun olaraq yenidən işlənəcək və çap olunaraq yay tətilində dərs ili başlamamışdan məktəblərə çatdırılacaq. Bununla, dərsliklər mükəmməlləşdikdən sonra tam həcmdə çap edilərək şagirdlərə paylanacaq, eyni zamanda müəllimlər dərsliklərlə əvvəlcədən tanış olacaqlar".

Nazir həmçinin qeyd edib ki, dərsliklərin hazırlanmasına daha çox mütəxəssisin cəlb edilməsinə çalışılıb, dərslik hazırlanmasında rəqabət mühitinin formalaşmasına səy göstərilib: "Dərsliyin ilk dəfə yaradılması çox çətin prosesdir. Dərsliklərimizin keyfiyyətini daim artırmağa çalışırıq. Bunun üçün prosesə fənn mütəxəssisləri də qoşulmalıdır. Lakin onlar bu işlə bağlı müraciət etmirlər. Baxmayaraq ki, bizim ali təhsil müəssisələrində, Azərbaycan Milli Elmlər Akademiyasının institutlarında kifayət qədər mütəxəssislər fəaliyyət göstərir. Halbuki, dərslik hazırlanması prosesinə qoşulmaqla, həm ali təhsil müəssisələri, həm də elmi mərkəzlər pul qazana bilər. Dərsliklərin məzmununun hazırlanması üçün xərclənən vəsait universitetlərin iqtisadi vəziyyətini də yaxşılaşdıra bilər. Onlar bu vəsati həmin müəllimlərə əlavə qonorar kimi ödəyə bilərlər".

Bütün xəbərlər Facebook səhifəmizdə